Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:43

Keçmiş məhbusun söylədiyinə görə, Gülnara Karimovaya Özbəkistan həbsxanasında 'özəl' münasibət göstərilir


G.Karimova ev dustaqlığının şərtlərini pozduğundan həbsxanaya köçürülüb
G.Karimova ev dustaqlığının şərtlərini pozduğundan həbsxanaya köçürülüb

Dustaqların yalnız həftədə bir dəfə duşdan yararlanmasına icazə verildiyi Daşkənd həbsxanasında həyat bir zamanlar Asiya və Avropadakı lüks evlərində yaşayan Gülnara Karimovanın öyrəşdiyi dəbdəbəli yaşam tərzindən çox fərqlidir.

Di gəl, Özbəkistanın avtokratik keçmiş prezidenti İslam Karimovun 52 yaşlı qızının buradakı həyatı da digər dustaqlarınkından seçilir. Cəzasını Daşkənd bölgəsinin Zəngiota rayonunda yerləşən bu penitensiar müəssisədə çəkmiş keçmiş məhbuslardan biri iddia edir ki, burada Karimovaya digər dustaqlara göstərilməyən xüsusi münasibət göstərilir.

"Onun kameradakı digər məhbuslardan pərdə ilə ayırdığı dörd çarpayısı var", - sözügedən qadın özbəkistanlı bloqer Kirill Altmana müsahibəsində belə deyir.

"[Gülnara] digər dustaqlarınkına bənzər uniforma geyinir, ancaq onunku nəfəs alan parçadan tikilib. Həbsxanada ayaqqabı bağına icazə verilməsə də, o, qaytanlı ayaqqabı geyinir", - anonimlik şərti ilə danışan keçmiş məhbusun sözləridir.

Mənimsəmə, pulyuma və digər ittihamlarla məhkum edilən Karimova həbsxana bufetində digər məhbuslarla birlikdə yemək yemir. "Onun yeməyi …qıraqdan gəlir", - yenə o, belə deyir. "Onun yeməyi …yan-yörədə heç kim olmayanda çatdırılır. Bu, adi 10 kiloluq bağlama olmur, ondan xeyli böyük olur".

Özbəkistan prezidentinin qızı olmasından sui-istifadə edərək Avropada prestijli diplomatik vəzifələr tutan Karimova çox böyük sərvət toplayıb və Özbəkistanın biznes dünyasına ciddi təsir göstərə bilib.

Çoxsaylı bizneslərindən başqa, Karimova "Ququşa" təxəllüsü ilə pop-mahnılar buraxıb, zərgərlik əşyaları dizayn edib, 2008-ci ildə Özbəkistanın BMT-dəki daimi nümayəndəsi kimi Cenevrədə yaşayıb və 2010-cu ildə Özbəkistanın İspaniyadakı səfiri olub.

Ancaq 2014-cü ildə o, ictimai həyatdan yoxa çıxıb. O zaman onun atasının gözündən düşməsi haqda xəbərlər yayılmışdı. Atası İ.Karimov 1989-cu ildən 2016-cı ildə vəfatınadək Özbəkistanı yönəldib.

Ququşa olaraq da bilinən Karimova 2012-ci ildə Buxara bölgəsində "Round Run" mahnısına klipin çəkilişində.
Ququşa olaraq da bilinən Karimova 2012-ci ildə Buxara bölgəsində "Round Run" mahnısına klipin çəkilişində.

Karimova ev dustaqlığının şərtlərini pozduğundan həbsxanaya köçürülüb

Bir zamanlar prezident kürsüsündə atasının varisi kimi görülən Karimova 2015-ci ildə 10 illik həbs cəzasına məhkum edilib. Ancaq sonradan bu cəza 5 illik ev dustaqlığı ilə əvəzlənib. 2020-ci ildə o, başqa bir iş üzrə 13 illik həbs cəzasına məhkum edilib.

2019-cu ildə Karimova ev dustaqlığının şərtlərini pozduğundan həbsxanaya köçürülüb. Məhkəmənin gəldiyi qənaətə görə, onun törətdiyi cinayətlər Özbəkistana, azı, 1.6 milyard dollar zərər verib.

Karimovaya qarşı ABŞ, İsveçrə və digər ölkələrdə də qanunsuz biznes fəaliyyəti iddiaları ilə cinayət işləri açılıb.

Karimova daha öncə həbsxanada onunla pis davranıldığını iddia edib. Onun vəkili və yaxınları onunla görüşmələrinə imkan verilməməsindən gileyləniblər.

Gülnara Karimovanın anası Tatyana Karimova ötən ay qızını həbsxanada ziyarət etməsinə icazə verilmədiyini bildirib.

Ancaq sözügedən keçmiş məhbus Karimovanın həbsxanada heç də pis rəftar görmədiyini, qaydalara tabe olmasa da, cəzalandırılmadığını deyir: "Onunla [həbsxanada] qaba davranılmasına dair iddialar var. Ancaq… heç kim onunla belə davranmır. Əslində, [qarşıdurmaları] qızışdıran onun özüdür. [Həbsxana rəhbərləri] ona başqalarına etmədikləri çoxlu güzəşt edirlər".

Qadın əlavə edib ki, Karimova çox vaxt istədiyini alır: "Bir dəfə o, [həbsxananın başqa bölməsindən olan] bir məhbusla görüşmək istərkən, nəzarətçilərin yanına gedib qara-qışqırıq saldı. Nəzarətçilər həmin məhbusu gətirdilər və onlar - iki qadın birsaatlıq gəzintiyə çıxdılar. Bu, bir növ VIP münasibətidir. Əgər başqa bir adam onun etdiyini etmək istəsəydi, cəzalandırılardı".

Keçmiş məhbus Karimovanın bir dəfə həbsxanada "üsyan" qaldırdığını da deyir. Ancaq o, nə baş verdiyi haqda heç bir təfərrüatı paylaşmayıb.

G.Karimova Özbəkistanda ev dustaqlığında. 2014
G.Karimova Özbəkistanda ev dustaqlığında. 2014

AzadlıqRadiosu həmin şəxsin iddialarını müstəqil qaydada dəqiqləşdirə bilmir. Ancaq eyni koloniyada cəza çəkmiş bir neçə başqa qadın və həbsxana işçisi də AzadlıqRadiosunun özbək xidmətinə danışarkən buna bənzər iddialar səsləndiriblər.

AzadlıqRadiosu Karimovanın vəkili Qrequar Manjadan bu iddialara münasibət bildirməsini xahiş etsə də, məqalənin dərc olunduğu günədək ondan cavab almayıb.

"Məhbuslara həftədə bir dəfə duş qəbul etməyə icazə verilir"

Kərimovanın saxlandığı qadın həbsxanasının nəzarətçisi Gülrux Karimova (Gülnara Karimova ilə heç bir bağlantısı yoxdur) da AzadlıqRadiosunun açıqlama xahişini cavablandırmayıb. Ancaq həbsxana əməkdaşlarından biri anonimlik şərti ilə AzadlıqRadiosuna bildirib ki, Gülnara Karimova, onun davranış və təxribatları Zəngiota həbsxanasının rəhbərliyinə başağrısı yaradıb: "Həbsxana müdiriyyəti bir neçə dəfə Gülnara Karimovanın davranışı və digər məhbuslara qarşı təxribatları ilə bağlı yuxarı instansiyalara müraciət etməli olub".

Həmin qadın daha sonra əlavə edib: "Bir tərəfdən, bizə onunla ehtiyatla davranmaq haqda təlimat veriblər. Digər tərəfdənsə, bizə deyiblər ki, "ona heç bir xüsusi güzəşt etməyin"".

Karimovanın cəzasını çəkdiyi həbsxanadakı ümumi vəziyyətdən danışan keçmiş məhbus oranı pis havalandırılan, yeməyi nisbətən yaxşı olan, su və sanitariya imkanlarına çıxışın məhdud olduğu yer kimi təsvir edir: "Adətən, məhbuslara həftədə bir dəfə duş qəbul etməyə icazə verilir. Yayda həftədə iki dəfə. Ancaq işləyənlər hər gün duş qəbul edə bilərlər".

Həmin keçmiş məhbus həbsxanada isti suyun çox məhdud olduğunu da bildirib.

XS
SM
MD
LG