Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:34

Rusiya Qazaxıstan neftinin Avropaya nəqlini dayandırır


Tengiz yatağında neft qurğuları
Tengiz yatağında neft qurğuları

Rusiya hökuməti bundan əvvəl qüsuların aradan qaldırılması üçün noyabrın 30-dək vaxt vermişdi. Lakin regional nəqliyyat tənzimləyicisi iyulun 6-da terminalın dərhal bağlanmasını tələb edib

Rusiya məhkəməsi Xəzər Kəmər Konsorsiumunun (CPC) Qazaxıstan neftini Rusiyanın Qara dənizdəki Novorossiysk portuna nəql edən kəmərinin 30 gün müddətində fəaliyyətini dayandırması barədə qərar çıxarıb.

ABŞ-ın Chevron və Exxon şirkətlərinin də daxil olduğu CPC bildirib ki, məhkəmənin 6 iyul tarixli qərarı neft sızmaları ilə bağlıdır və konsorsium bu məhkəmə qərarına tabe olmaq məcburiyyətindədir.

Bununla belə özünün internet saytında CPC bu qərardan apellyasiya verəcəyini bildirib:

"Xəzər Kəməri Konsorsiumu Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir və məhkəmə qərarını icra etməyə məcburdur. Bu qərardan qanunun nəzərdə tutduğu qaydada apellyasiya veriləcəkdir”.

Bu kəmər qlobal neftin 1 faizini versə də, Qazaxıstan neftinin 80 faizi onun vasitəsilə ixrac olunur.

Kəmər nefti Novorossiyskdəki terminala nəql edir. Bu terminal ildə 67 milyon ton neft ixrac edir.

ABŞ sanksiyaları

Birləşmiş Ştatlar Kremlin Ukraynaya əsassız və səbəbsiz hücumuna görə Rusiya neftinə sanksiyalar qoyub.

Lakin ABŞ bildirirdi ki, Qazaxıstan nefti Rusiya ərazisi ilə maneəsiz nəql oluna bilər.

CPC iyulun 6-da bildirib ki, Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko Rostexnadzor da daxil tənzimləyicilərə kəmərin Rusiya ərazisindəki hissəsinin təftişini tapşırıb.

Məlumatda bildirlir ki, Rusiya tərəfi neft sızmaları ilə iş sahəsində bəzi “sənədləşdirilmiş” pozuntular aşkar edib. Sözü gedən terminalda neft sızması ötən il baş vermişdi.

CPC-nin məlumatına görə Rusiya tərəfi bildirir ki, konsorsiumun neft sızmaları zamanı təcili tədbirlər planı natamamdır.

Rusiya hökuməti bundan əvvəl qüsuların aradan qaldırılması üçün noyabrın 30-dək vaxt vermişdi.

Lakin regional nəqliyyat tənzimləyicisi iyulun 6-da terminalın dərhal bağlanmasını tələb edib.

Fasiləsiz proses

Interfax agentliyi iyulun 5-də yazırdı ki, neft nəqlinin dayandırılması ətraf mühitə mümkün ziyanın qarşısını almaq məqsədi güdür.

Bu da xəbər verilir ki, kəmərin fəaliyyəti Qara dənizdəki terminalın nasazlığına görə bu il artıq bir dəfə dayandırılmışdı.

Bu arada Qazaxıstanın dövlət KazTAG agentliyi bildirir ki, CPC məhkəmədən neft nəqlinin kəsilməsinə dair qərarın dayandırılmasını rica edib.

Konsorsiumun müraciətində deyilir ki, qanun istehsalata düzəlməz ziyan vura biləcək tədbirlərin tətbiqini qadağan edir.

Müraciətdə deyilir ki, sözü gedən kəmər fasiləsiz olaraq işləməlidir və onun dayandırılması xoşagəlməz, qarşısıalınmaz və idarə olunmayan proseslərə gətirib çıxara bilər.

Bu da bildirilir neftin nəqlinin dayandırılması kəmərin sıradan çıxması ilə nəticələnə bilər, çünki texnoloji proses neft axının dayanmasını nəzərdə tutmur.

CPC Qazaxıstanın əsas neft ixracı kəməridir və nefti Avropa bazarlarına çıxarır.

XS
SM
MD
LG