Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:14

Q.İbadoğlu hökumətin yanlış siyasətindən yazır


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

«Sahibkarlar nazir Şahin Mustafayevə çatdırmaq istəyiblər ki, xərclər artdığına görə satış şəbəkələri bağlana bilər. İşçilər ixtisar edilə, mənfəət azaldığına görə qiymətlər bir az da arta bilər».

İqtisadçı Qubad İbadoğlu iri supermarket sahiblərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciətini öz Facebook səhifəsində belə dəyərləndirib.

Q.İbadoğlunun fikrincə, bu müraciətin arxasında yeni bahalaşma dalğası və yarana biləcək ərzaq qıtlığına görə qınanılmaqdan özünü sığortalamaq da dayanır. O deyir ki, bu müraciət Mərkəzi Bankla Maliyyə Nazirliyinin yanlış monetar və fiskal siyasətinin məntiqi nəticəsidir. İşgüzar aktivliyin azalması, alıcılıq qabiliyyətinin düşməsi və iqtisadiyyatda tənəzzülün ilkin simptomlarıdır: «Bakıda iri satış şəbəkələrinə malik supermarketlər «qan ağlayırlarsa», onda görün regionlarda vəziyyət necədir».

NİSYƏ DƏFTƏRLƏRİ DOLUB, QONŞU ÖLKƏLƏRƏ ƏRZAQ TURLARI BAŞLAYIB…

Q.İbadoğlu kənd mağazalarında nisyə dəftərlərinin çoxdan dolduğunu, sərhəd rayonlarında yaşayanların gündəlik tələbat mallarını almaq üçün ayda 1-2 dəfə qonşu ölkələrə ərzaq turlarına getdiklərini yazır:

«Mən bu vəziyyəti bu günlərdə cənub bölgəsinə səfər edərkən müşahidə etdim. Yerli camaatın dediyinə görə, onlar pensiya və digər ödənişləri alarkən İrana gedir, oradan bazarlıq edib geri dönürlər. Eyni vəziyyət qərb və şimal bölgəsində də müşahidə olunur».

AZƏRBAYCANDA ABŞ-DAN DA BAHAÇILIQDIR?

Q.İbadoğlu yazır ki, Azərbaycanda qiymətlər nəinki qonşu ölkələrlə, hətta ABŞ-la müqayisədə də bahadır. O, Dövlət Statistika Komitəsinin ölkədə ikirəqəmli inflyasiyanın olduğunu etiraf etməsini xatırladır. Q.İbadoğlunun fikrincə, əsas ərzaq məhsullarının inflyasiyası açıqlanan rəsmi məlumatlarla müqayisədə dəfələrlə çoxdur.

Bu günlər iqtisadiyyat nazirinə müraciət edən tanınmış supermarket şəbəkələrinin rəhbərləri manatın devalvasiyası və vergi qanunvericiliyinə dəyişikliklərdən şikayətləniblər. Onlar müflis olma təhlükəsindən qurtulmaq üçün hökumətdən vergi yükünün azaldılmasını xahiş ediblər. Təklif ediblər ki, sosial əhəmiyyətli ilkin tələbat mallarının istehsalı və satış zəncirinə «0» dərəcə ilə ƏDV tətbiq olunsun.

XS
SM
MD
LG