Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:18

“Sizə 3 min pul verirəm, heç olmasa bir kağız verin...”


İllüstrasiya
İllüstrasiya

►“Evin özülünü tökdüm. İcra hakimiyyətinin Fərid adlı işçisi gəldi, işi saxlamağı tələb etdi. Soruşdum “niyə?” Dedi, “sənədləri göstər”.

Mən də sənədlərimi göstərdim. Dedim, “kənd sovetinin ev tikmək üçün sənədidir”. Dedi, “köhnə sənəddir, sən təzə sənəd göstər”. Deyirəm, “torpağın sənədidir, sənədin nə köhnəsi, nə təzəsi?” Dedi, “yox, deyəsən, anlaşa bilmirik. Gələrsən yanıma, söhbət edərik””.

Əli Mirzəbəyovun evinin sökülməsinə səbəb, deyəsən, elə icra hakimiyyətinin işçisi ilə sonadək “anlaşmaması” olub.

Sabunçu rayonu, Ramana qəsəbəsində torpaq sahəsi alıb ev tikməyə başlayan Mirzəbəyov hörgü işlərini yenicə başa çatdırıb ki, qurumun işçiləri ağır texnika ilə gələrək tikilini söküblər. Mirzəbəyov deyir, səbəb quruma rüşvət verməkdən imtina etməsi olub:

“Məni dəvət etdi ki, “gəl, işdə danışaq”. Mən də getdim Sabunçu rayon İcra Hakimiyyətinə, onunla görüşdüm. Dedim, “niyə imkan vermirsiz evimi tikim girim içərisinə?” Yenə bəhanə etdi ki, “sənəd köhnədir”. Dedim, “bu sənədin təzəsi necə olur ki? İndi təzəsini alsam, bu köhnədən nə ilə fərqlənəcək?” Dedi, “qısası, 3 min ver, gözümüzü yumuruq, get tik”. Mən də imtina elədim. Dedim, “fəhləliklə 5 min manat toplamışam ki, evimin divarlarını hörüm, üstünü bağlayım. Nə vaxtsa imkanım olanda, içərisini düzəldim, yığışım. İndi o pulu sənə versəm, özüm necə tikim?””

Şikayətçinin sözlərinə görə, beləcə, razılaşmayıblar. O da anası ilə bir neçə dəfə icra hakimiyyətinin başçısına qəbula düşmək istəyib. Ancaq başçı qəbul etməyib:

“BAŞÇI TİKİNTİ İŞLƏRİNƏ BAXMIR”

“3 ay anamla getdim, gəldim, mənə dedilər ki, “başçı tikinti işlərinə baxmır”. Məni yönləndirirdilər elə bu Fərid adlı işçinin üstünə. Düzü, heç o adamın vəzifəsi də bilinmir orda. Vəziyyəti belə görüb tikinti işlərini dayandırdım. Sonra prezidentin məmurlarla bağlı çıxışlarını dinlədim. Düzü, ürəkləndim. Dedim, yəqin rüşvət-filan yığışdı daha. Həvəsə düşüb başladım tikintini davam etməyə”.

___________________________________________________________

Bunlara da bax:
Maliyyə Nazirliyi 15 milyon borc aldı
Keçmiş hərbçi İsa Sadıxov ordunun sonacan gedəcəyinə inanmır

___________________________________________________________

Tikilinin daş hörgüsü bitər-bitməz, tikinti işini görən fəhlələr Əli Mirzəbəyova zəng vurublar ki, “bəs özünü yetir, gəliblər sökməyə”. Tikilinin sahibi hadisə yerinə çatanda ağır texnikalar tikilini sökürmüş:

“Hətta icra nümayəndəsi də gəlirdi ki, “3 mini verməmiş tikmə”. Deyirdim, “a kişi, yaxşı, tapıb-düzəldib bu 3 min manatı sizə verərəm. Ancaq mənə bir parça kağız yazıb verin ki, sabah sizi işdən çıxarandan sonra pulum batmasın. Başqaları gəlib sökmək istəyəndə qarşısını ala bilim”. Deyirdi, “yox, bu ödəniş qanuni deyil axı…””

“SƏNƏDİ QAYDASINDA DEYİLDİ”

Əli Mirzəbəyovun 30 yaşı var, özü də fəhləliklə məşğul olur, kirayədə qalır.

Sabunçu rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Əli Mirzəbəyov Ramana qəsəbəsində qanunsuz tikinti işləri apardığına görə başçının göstərişi ilə tikili sökülüb:

“Rüşvətlə bağlı dedikləri də həqiqət deyil. Onun sənədi qaydasında deyildi. Tövsiyə olunmuşdu ki, müvafiq sənədləri təqdim etsin, tiksin”.

Qurumdan bildiriblər ki, vətəndaş məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG