Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:38

'Cənub zonasında yoluxma daha çoxdur'


Yevlaxda koronavirus əleyhinə tədbirlər
Yevlaxda koronavirus əleyhinə tədbirlər

Azərbaycanda koronavirusa yoluxma halları daha çox cənub bölgəsindədir - səhiyyə nazirinin müavini Viktor Qasımov belə deyib. O, martın 23-də Nazirlər Kabineti yanında Operativ qərargahın keçirdiyi brifinqdə bu haqda danışıb: «Azərbaycanda koronavirus, əsasən, fevralın sonu və martın əvvəlində idxal olunurdu. Bu günə onların sayı təxminən 30 nəfərdir».

Onun sözlərinə görə, daha sonra xəstəliyə yoluxma halları ölkə daxilində də qeydə alınmağa başlayıb.

«Bu xəstəlik, əsasən, cənub zonasında daha çoxdur. Çünki ilk vaxtlar sərhədlər hələ ki tam bağlanmamışdı, xüsusən İranla», – deyə nazir müavini bildirib.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu haqda fikrini bölüşüb. O, Azərbaycanda infeksiyaya yoluxanların sayının az olduğunu bildirib, buna görə də regionlar üzrə bölgü aparmağı doğru saymayıb: «Cəmi 61 nəfər xəstə var, onların da içərisində 10-dan çoxu yaxın günlərdə evə buraxılacaq. Bu rəqəmə görə hansısa bir rayonu həyəcan rayonu etmək doğru deyil».

'Regionlar üzrə xəstələnmə statistikası mütləq açıqlanmalıdır'

Bugünlərdə Qazaxdan Bakıya qayıdan Rəsmiyyə Məhərrəmova deyir ki, o, xəbərləri diqqətlə izləyir və rayonlarda koronavirusun yayılması haqda informasiyaya rast gəlməyib, buna görə arxayınlıqla ata-anasını görməyə gedib.

«Təbiət gözəl, hava təmiz, Bakıdan uzaqda xəstəlik nə gəzir. Ona görə gedib iki-üç gün qalıb qayıtdım. Bəzi qohumlar hələ də bayram tətilindədir, özlərini orda Bakıdakından daha rahat hiss edirlər», – R.Məhərrəmova deyir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsində isə deyilir: «COVID-19-un yayıldığı qaynar nöqtələrlə bağlı informasiya əldə edin. Mümkündürsə, həmin yerlərə getməyin, özəlliklə də yaşlısınızsa, diabet, ürək, yaxud ağciyər xəstəliyiniz varsa. Çünki həmin ərazilərdə COVID-19-a yoluxma şansınız yüksəkdir».

«Qanunla qadağandır»

Azərbaycanda bugünədək xəstələrin sayı haqqında rəsmi məlumat verilsə də, onların ölkənin hansı bölgəsindən olması, xəstəliyin daha çox hansı bölgədə yayılması barədə informasiya açıqlanmır.

A.Qeybulla
A.Qeybulla

Tibb elmləri üzrə doktor, professor Adil Qeybulla da hesab edir ki, regionlar üzrə xəstələnmə statistikası mütləq açıqlanmalıdır. Üstəlik də, o, həmin regionlarda karantinin gücləndirilməli olduğunu deyir.

«Təmaslar azaldılmalıdır və s. Hər halda, yəqin bu haqda məlumatı Nazirlər Kabineti yanında Operativ qərargah verməlidir. Onu gizlətməyin mənası da yoxdur. Hansı regionda varsa, deyilməlidir», – A.Qeybulla bildirir.

AzadlıqRadiosu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib ki, bununla bağlı şərh verə bilməzlər.

«Amma istənilən halda xəstə haqqında məlumatların verilməsi qanunla qadağandır. Digər məsələlər haqqında məlumat verə bilməyəcəm», – R.Əliyeva bildirib.

Nazirlər Kabineti yanında Operativ qərargahdan açıqlama almaq mümkün olmayıb. NK-nın mətbuat katibi İbrahim Məmmədov bu haqda araşdırma apardıqdan sonra açıqlama verə biləcəyini söyləyib.

Ə.Məmmədli
Ə.Məmmədli

«Bu zəruridir»

Bugünlərdə hüquqşünas Ələsgər Məmmədli də sosial mediada bu məsələyə toxunub. O hesab edir ki, önləyici tədbir kimi xəstəliyin xəritəsinin əlçatan olması zəruridir. Hüquqşünasın fikrincə, bu, gizlədiləcək fakt deyil və toplumda hər hansı panika yaratmaz: «Nazirlər Kabineti Azərbaycanda 53 (martın 23-nə olan informasiyaya görə, Azərbaycanda rəsmi şəkildə 72 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb – red.) yoluxma faktının xəritəsini şəhərlər üzrə açıqlamalıdır. Hər kəsin yaşadığı yerdə nə qədər ciddi təhlükə altında olduğunu dərk etməsi baxımından bu zəruridir».

Ə.Məmmədlinin sözlərinə görə, faktların və proqnozların açıqlanması cəmiyyətdə təhlükə və ya qorxu yaratsaydı, yəqin ki, Almaniya kansleri ölkə əhalisinin 70%-nin yoluxma ehtimalından danışmazdı.

Sosial mediada onun bu təklifini dəstəkləyənlər də olub. İqtisadçı Azər Mehtiyev onlardan biridir və hökuməti bu məlumatları açıqlamağa dəvət edir.

A.Mehtiyev
A.Mehtiyev

«Diqqət yetirin: hazırda ölkə əhalisinin əksəriyyətində belə bir fikir formalaşıb ki, karantin tədbirləri yalnız Bakı, Sumqayıt və Abşeron ərazisi üçündür. Doğru informasiyalar heç də insanları panikaya salmaz, əksinə, onların daha məsuliyyətli olmasını təmin edə bilər», – A.Mehtiyev Facebook-da yazır.

Azərbaycanda koronavirusa yoluxduğu bildirilən 72 nəfərdən 10-nun sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Ən son məlumata görə, dünya üzrə bu virusa 350 mindən çox insan yoluxub, 15 mindən çox xəstə vəfat edib.

XS
SM
MD
LG