Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:45

İranda reper Salehiyə 6 il 3 ay iş verildi


Tumac Salehi
Tumac Salehi

İranda bir çoxları tərəfindən “etirazın səsi” kimi tanınan reper Tumac Salehi 6 il 3 ay azadlıqdan məhrum edilib.

O etirazçılara dəstək verən tvitlərinə görə “fitnə-fəsadda” ittiham olunurdu.

Salehinin vəkillərindən biri – Roza Etemad Ənsari iyulun 10-da deyib ki, reper “fitnə-fəsad” ittihamı ilə 6 il üç ay müddətinə azadlıqdan məhrum edilib, amma ona qarşı “İslam inqilabı banisinin təhqiri və düşmən hökumətlərlə əlaqə” ittihamına xitam verilib.

İndiyədək təkadamlıq kamerada saxlanan Salehi ümumi rejimli həbsxanaya keçirilib.

Almaniya parlamentinin üzvü və Salehinin siyasi dəstəkçilərindən biri Ye Uan Rey bildirib ki, o hələ də reperlə görüş tələb edir.

Ənsari bunu da bildirib ki, həbsxana cəzasından başqa Salehiyə iki il müddətində ölkədən çıxmaq və yaradıcılıqla məşğul olmaq qadağan olunub, pasportu ləğv edilib.

Salehi barəsində iki məhkəmə dinləməsi bağlı qapılar arxasında keçirilib. Dinləməyə nəinki jurnalistlər, hətta onun ailə üzvləri də buraxılmayıb.

Bundan əvvəl

33 yaşlı Salehi sentyabrın 30-da həbsindən cəmi bir neçə gün öncə ən son videosunu paylaşmışdı.

Videoda o proqnoz verirdi ki, İranın dini rejimi hökumət əleyhinə etirazlara zorakı hücumlarını dayandırmasa, sonu pis olar.

Sentyabrın 30-da dövlət mediası Salehinin həbs olunması xəbərini vermişdi.

İİKK-ya yaxın bir xəbər qurumu isə onun bir maşının içində gözü bağlanmış şəklini paylaşmışdı. İranın dövlət teleradiosuna bağlı press klubun paylaşdığı qısa videoda isə reper səhvini etiraf edirdi.

Bəziləri bu videonun saxta olduğunu, digərləri isə ona bu sözlərin zorla dedirdildiyini düşünür. Rəsmi xəbərlərdə isə reperin ölkənin qərb sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanıldığı iddia edilirdi.

XS
SM
MD
LG