Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:21

Rusiya və Çinin dezinformasiya fərqləri


Siyasi karikatura
Siyasi karikatura

Fort Detrick Rusiyanın dezinformasiya kampaniyasının mərkəzində idi, Çin isə onu ölkədə və Qərbdə daha ənənəvi müzakirəyə buraxdı

Çinlə Rusiya COVID-19-un mənşəyi, müalicəsi, vaksinlərin effektilə bağlı dezinformasiya və propaqandanı gücləndirməklə xarici auditoriyanı öz tərəfinə çəkməyə, Qərb hökumətlərinə qarşı inamsızlıq yaratmağa çalışıb. Avropa Siyasi Təhlil Mərkəzi (CEPA) koronavirusun iki il öncə Çinin Vuhan şəhərindən tapılmasından sonra bu iki ölkənin dezinformasiya siyasətini araşdırıb. Tədqiqatın nəticələri dekabrın 2-də açıqlanıb.

Qurum bildirir ki, Çin və Rusiya COVID-ə qarşı dezinformasiya və propaqandada mərkəzi rol oynasalar da, əsasən fərqli strategiyalar yürüdüblər. Ancaq son vaxtlar bu iki ölkənin bir-birinin kampaniyasından bəzi üsulları götürərək, onları gücləndirdiyi qeyd olunur.

Pekin çoxdilli dövlət mediası, sosial media platformaları, hökumət rəsmiləri, onlayn şəbəkələri səfərbər edərək dünyanı inandırmağa çalışıb ki, pandemiyaya görə onu günahlandırmaq olmaz, Çin virusla qlobal mübarizədə ən effektli tərəfdaşdır.

Qərbə qarşı

Rusiyanın dezinformasiya şəbəkələri isə Qərbin COVID-19-la mübarizə cəhdlərinə inamı sarsıtmağa, gərginliyi qızışdırmağa fokuslanıb.

“Rusiya öncəki oyunlara əl atıb, xarici cəmiyyətlərdə gərginliyi alovlandırmaqdan ötrü böhranlardan yararlanıb. Çin Rusiyadan bəzi alətləri əxz etsə də, onlardan fərqli məqsədlərlə yararlanıb, özünü təmizə çıxarmağa, qlobal miqyasda konspirologiya nəzəriyyələri yaymağa çalışıb”, – hesabatda deyilir.

Əslində, dünyada fərqli hökumətlər və fərdlər vaksinlər, virusun mənşəyinə dair dezinformasiyanın yayılmasına kömək göstərib. Amma Çinlə Rusiyanın bu kampaniyada aparıcı rol oynadığı vurğulanır.

CEPA 2020-ci ilin martından 2021-ci ilin martınadək Çin və Rusiya rəsmiləri və dövlət mediasının məqalələrini, sosial media mesajlarını təhlil edib.

Çin Qərbin virusla mübarizə cəhdlərini tənqid, özünün pandemiya siyasətini müdafiə edib, ölkələri qoruyucu avadanlıq və vaksinlərlə təchiz etmək cəhdlərini vurğulayıb.

Konspirologiya

Hesabatda deyilir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və bu ölkənin aparıcı mühafizəkarları COVID-19-un Çində laboratoriyadan sızması versiyasını ortaya atandan sonra Çin taktikasını daha da gücləndirib.

Çinin dövlət mediası virusun mənşəyinə dair daha çox konspirologiya yayıb. Merilenddə Fort Detrick hərbi laboratoriyası haqda dezinformasiyanı yenidən dövriyyəyə buraxıb.

Fort Detrick Rusiyanın dezinformasiya kampaniyasının mərkəzində idi, Çin isə onu ölkədə və Qərbdə daha ənənəvi müzakirəyə buraxdı. “AP” fevralda 9 aylıq tədqiqatını yaydı. Agentlik aşkarlamışdı ki, Çin qlobal miqyasda rəqəmsal dezinformasiya kampaniyası aparıb, ABŞ-ın COVID-19-u bioloji silah kimi yaratması haqda əhvalatlar yayıb.

Rusiyanın metodları

Rusiyanın dezinformasiya kampaniyası daha sporadik olub, Qərbin COVID-19 vaksinləri haqda şübhələr yaymaqla yanaşı, özünün hazırladığı Sputnik V-nin effektini önə çəkib.

Məsələn, Fransa və Almaniyada sosial media influenserləri mayda deyirdilər ki, Moskvadan idarə olunan, Londonda yerləşən qrup Pfizer-BioNTech vaksini haqda dezinformasiya yaymaq üçün onlara pul təklif edib.

“Çindən fərqli olaraq, Rusiya nadir hallarda özünü xarici auditoriyaya yaxşı göstərməyə çalışıb. O daha çox Qərbdə mövcud olan fikir ayrılığı və qütbləşmədən yararlanıb, bunu da rusiyalı oyunçular illərlə sınaqdan çıxarıblar”, – hesabatın müəlliflərindən Edvard Lukas AzadAvropa/AzadlıqRadiosu-na deyib.

Koronavirusun yeni ştammları ortaya çıxdığı bir vaxtda inkişaf etməkdə olan ölkələrin vaksinlərə çıxışı məhdud olaraq qalır. Lukas belə bir şəraitdə Afrikanın Çin və Rusiyanın propaqandası və dezinformasiyası üçün “münbit yer” olduğunu vurğulayır.

XS
SM
MD
LG