Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:43

Qərb mətbuatı “despotik” seçki mühitindən yazır


Qərb mediası Azərbaycanda beynəlxalq müşahidəçilərisiz və real müxalifətsiz keçirilmiş seçkinin legitimliyi şübhə doğurduğunu bildirir

BBC yazır ki, Azərbaycanda parlament seçkisi ana müxalifət patiyalarının boykotu şəraitində keçib.

Müxalifət İlham Əliyev hökumətini özünün az qala bütün opponentlərini məhbəsə atmaqda ittiham edir.

Bazar günü keçirilmiş seçki neftlə zəngin bu ölkədə despotik siyasi mühitin olduğunu bir daha xatırladıb.

BBC yazır ki, son iki onillikdə ilk dəfə olaraq Azərbaycanda seçki ATƏT-in beynəlxalq müşahidəçilərinin iştirak etmədiyi bir şəraitdə keçirilir. Qurum seçkiyə müşahidəçi göndərməmək qərarını hökumət tərəfindən müşahidə missiyasına qoyulmnuş məhdudiyyətlərlə əsaslandırıb.

BBC-nin reportajında deyilir ki, hökumət tənqidçiləri parlament seçkisinin nəticələrinin hələ səsvermədən əvvəl bəlli olduğunu söyləyiblər.

Bu seçkidə onadək siyasi partiya iştirak etsə də, BBC-nin Cənubi Qafqaz müxbiri Rayhan Demytrie yazır ki, həqiqətən də müxalifətçi sayılacaq heç bir siyasi təşkilat bu səsverməyə qatılmayıb.

Despotik seçki mühiti

Musavat Partiyasının lideri Arif Hacılı Reuters agentliyinə bildirib ki, seçkiyəqədərki dövrdə kütləvi pozuntular baş verdiyinə görə, onlar seçkiyə qatılmamaq barədə qərar qəbul ediblər.

Həqiqətən də müxalifətçi sayılacaq heç bir siyasi təşkilat bu səsverməyə qatılmayıb

Rayhan Demytrie yazır ki, bazar günü keçirilmiş seçki neftlə zəngin bu ölkədə despotik siyasi mühitin olduğunu bir daha xatırladıb.

“Son iki ildə Azərbaycan hakimiyyəti demək olar ki, bütün tənqidi səs sahiblərini – jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və insan haqları vəkillərini həbsxanalara salıb” – yazır BBC müxbiri.

Müxbir vurğulayır ki, son iki ildə hökumət beynəlxalq tənqidlərə qarşı da getdikcə daha az tolerant olub.

“Hökumət ölkədə siyasi məhbusların olduğunu inkar edir və Qərbdə Azərbaycana dair neqativ mətbuat münasibətinin ölkəni gözdən salmaq məqsədi daşıdığını bildirir” – yazır BBC.

Səssiz səsvermə

Britaniyada çıxan populyar Vice News jurnalının müxbiri Lucy King Azərbaycanda seçki mühitinə həsr etdiyi yazıda qeyd edir ki, öz hakimiyyətini 20 ildən artıq müddətdə qoruyub saxlayan hökumət indiyədək bütün seçkilərdə müxalifətin seçilməsini mümkünsüz edən ən müxtəlif vasitələrə əl atıb – seçicilərin və namizədlərin qorxudulması, seçki kampaniyası müddətinin qısaldılması, təbliğat imkanlarının məhdudlaşdırılması, namizədlərin qeydiyyatından imtina edilməsi...

King yazır ki, hazırkı seçkilərədək son iki il hakimiyyətin repressiyaları ilə xarakterizə oluna bilər.

VICE News insan haqları vəkili Xalid Bağırovdan müsahibə alıb. O jurnalın müxbirinə deyib ki, hazırda insan haqlarını müdafiə edəcək vəkillərdən yalnız bir neçəsi azadlıqda qalıb.

Bağırovun özü bu yaxınlarda Azərbaycan Vəkillər Kollegiyasından kənarlaşdırılıb, halbuki o, Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasında yardım edən bir-iki vəkildən biridir. Məqalədə deyilir ki, Bağırov hazırda seçkiyə namizədliklərinin qeydiyyatından imtina edilmiş şəxslərin Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizələrinin üzərində işləyir.

Vəkillik – təhlükəli peşə

O VICE News məcmuəsinin müxbirinə deyib ki, Azərbaycanda həbs və qısnamalar vəkillik peşəsinin tərkib hissəsinə çevrilib.

“Mənim fəlsəfəm həbs olunanadək mümkün qədər çox iş görməkdir, - deyib Xalid Bağırov, - Mən taleyimi bu işə həsr etmişəm”.

Müxalifət üçün həbsxanadan çıxmağın yolu da var. Müxalifətə üzvlüyündən çıxırsan, Əliyevə sədaqətini elan edirsən, onun atası Heydər Əliyevin məzarına baş çəkirsən. Çoxları elə belə də edir

Vəkil bildirib ki, hakimiyyət təhlükəli saydığı şəxslərin namizədliklərinin qeydiyyatından ən müxtəlif bəhanələrlə boyun qaçırıb. Əsas bəhanə də müxalifəti dəstəkləyən namizədlərin topladıqları imzaların saxta olduğunu iddia etməkdir.

VICE News yazır ki, müxalifət namizədlərinə imza verən şəxslərin evlərinə polis göndərilir, onlar təhdid olunur və imzalarından imtina etməyə məcbur edilirlər.

Müəllifi yazır ki, Azərbaycanın neft sərvətinə malik olması Avropada ona çoxlarının dostluğunu qazandırıb, lakin indi neftin tükəndiyi və ucuzlaşdığı bir vaxtda ümid ona qalır ki, Qərb Bakı üzərinə təzyiqini artırsın.

“Lakin Bağırov Qərbə bəslədiyi ümidlərini itirib” – yazır Lucy King.

“Avropa bir əli bizə ümid verir, digər əli ilə isə rejimlə əməkdaşlıq edir” – deyib Xalid Bağırov.

Kiminə müftə mənzil, kiminə həbsxana

VICE News yazır ki, Azərbaycanda Xədicə İsmayılova kimi prinsipial hökumət tənqidçiləri həbsə atılır, hakimiyyətə xidmət göstərən jurnalistlər isə havayı mənzillər, orden və medallarla mükafatlandırılır.

“Müxalifət üçün həbsxanadan çıxmağın yolu da var, - yazır müxbir, - müxalifətə üzvlüyündən çıxırsan, Əliyevə sədaqətini elan edirsən, onun atası Heydər Əliyevin məzarına baş çəkirsən. Çoxları elə belə də edir”.

“Amerikanın Səsi” radiosu yazır ki, müxalifət və beynəlxalq insan haqları qrupları seçkinin legitimliyini şübhə altına alır, hökuməti özünün siyasi opponentlərini qondarma ittihamlarla həbsxanalara salmaqda və partiyaların seçki kampaniyasına əngəllər törətməkdə ittiham edirlər.

İrlandiyada çıxan “The İrish Times” qəzeti yazır ki, Azərbaycanda bu seçkinin nəticələri də xalqın əsl iradəsini əks etdirməyəcək.

XS
SM
MD
LG