Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:04

Müslümova ittiham: cənazə maşınının sürücüsü, gözəllik salonu...


Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova verilən 27 milyonluq ittihamın bir hissəsi əlil arabalarıyla bağlıdır.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova verilən 27 milyonluq ittihamın bir hissəsi əlil arabalarıyla bağlıdır. İddia olunur ki, müasir tipli əlil arabalarının alınması zamanı külli miqdarda vəsait mənimsənilib.

Bu prosesdə yeyintinin belə gerçəkləşdirildiyi bildirilir: aidiyyəti olmayan adamların adlarına şirkətlər yaradılıb, həmin şirkətlərin hesabına köçürülən vəsaitin bir hissəsi geri qaytarılaraq mənimsənilib. Bütün bunlar sentyabrın 19-da keçmiş nazirin məhkəməsində şahidlər dindirilərkən üzə çıxıb.

Məhkəmədə məlum olub ki, adına şirkət açılanlardan Ənvər Məhərrəmov cənazə maşınının sürücüsüdür. Onun adına olan üç şirkətdən biri nazirliyin əlil arabalarıyla bağlı tenderlərində qalib olub. Amma Məhərrəmovun dediyinə görə, nəinki tenderlərdən xəbəri olmayıb, heç adına olan şirkətlərin nə işlə məşğul olduğunu da bilmirdi:

“Dostum Vüqar mənə təklif elədi ki, adıma şirkət açsınlar. Soruşdum ki, problem olmaz? Dedi ki, heç bir problem olmaz. Razılıq verdim. Bu işləri Vüqarın əmisi Mirsahib görüb. Mənim işlərdən xəbərim olmayıb”.

Qiymətlər və say şişirdilib

Adıçəkilən Mirsahib Həsənov da kitabşünasdır. Deyir ki, dost-tanışın şirkətlərilə əməkdaşlıq edib, onları nazirliklə əlaqələndirib. Həmin şirkətlər vasitəsilə xaricdən əlil arabaları alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki müəssisələrə satılıb.

Nazirliyin Satınalmalar sektorunun müdiri Dəyanət Fərəcovla da ünsiyyətdə olduğunu deyən Həsənov bildirib ki, vasitəçilik sayəsində özünə də qazanc qalırdı:

“Bəzən 5 faiz qalırdı, bəzən 10 faiz. Nə olsa, razılaşırdım...”

Dindirmələr zamanı aydınlaşıb ki, rəsmi sənədlərdə qiymətlər və say şişirdilib, əlil arabaları üçün şirkətlərin hesabına daha çox vəsait köçürülüb. Həmin vəsaitin bir hissəsinə avadanlıq alınıb, bir hissəsi isə nağd şəkildə geri qaytarılıb.

“Alqı-satqılarda 20-30 faiz gəlir olurdu”

Bu prosesdə əsas vasitəçilərdən biri Əlillərin Bərpa Mərkəzinin baş mühasibi Nəzakət Kərimova olub. Onun qızı Könül Xudiyevanın adına şirkətlər təsis edilib. Həmin şirkətlər də Mərkəz üçün avadanlıqların alınmasına dair tenderlərdə qalib elan edilib, onların hesabına külli miqdarda pullar köçürülüb.

“Bu işlərin görülməsi üçün anama etibarnamə vermişəm. Anam da mənim adımdan açılan şirkətləri idarə edib. Mənim heç nədən xəbərim yoxdur...” – Könül Xudiyeva məhkəmədə belə deyib. O, ixtisasca psixoloq-pedaqoq-loqopeddir, amma gözəllik mərkəzində işləyir.

Anası Nəzakət Kərimova da məhkəmədə dindirilib. O, etiraf edib ki, şirkətlərin hesabına köçürülən vəsaitlərin bir hissəsinə avadanlıqlar alınırdı. Amma 20-30 faiz geri qaytarılırdı:

“Alqı-satqılarda 20-30 faiz gəlir olurdu. Onları da Bərpa Mərkəzinin rəhbərinə vermişəm”.

Məhkəmədə iştirak edən sabiq nazir bu iddiaların heç birinə cavab verməyib. O, bütün prosesi sükutla izləyib.

Müslümovun işi üzrə ötən məhkəmə iclasında isə Qarabağ döyüşlərində həlak olan və ya yaralanan şəxslərin özləri, ailə üzvləri üçün mənzillərin alınması zamanı külli miqdarda yeyintiyə yol verildiyi üzə çıxmışdı. Məlum olmuşdu ki, mənzillərin qiymətilə bağlı alqı-satqı müqaviləsində göstərilən rəqəmlə satıcıya ödənilən vəsait arasında kəskin fərqlər var. Keçmiş nazir bu ittihamlara da heç bir cavab verməmişdi.

Xatırlatma

61 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində həbs qərarı çıxarılıb. DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib.

Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödəməsi onun həbsdən çıxmasında rol oynayıb. O, mənimsədiyi iddia olunan 27 milyon manatın 20 milyonunu ödəyib, 7 milyonla bağlı hissədə özünü təqsirli saymır.

Müslümov büdcə vəsaitlərinin yeyintisində ittiham olunduğuna görə onun işi üzrə məhkəmədə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Sabiq nazirə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Müslümov nazir olduğu dövrdə bu qurumun Aparat rəhbəri vəzifəsində çalışmış, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev (Əjdər Ol) da onunla birlikdə həbs olunmuşdu. Lakin Əjdər Olun haqqındakı cinayət işi sonradan ayrılaraq, məhkəməyə göndərildi. O, 8 il 3 ay azadlıqdan məhrum edilib.

Cəbiyev özünü qismən təqsirli bilirdi. O, bir sıra hallarda qanunsuzluqlara yol verildiyini etiraf etsə də, deyir ki, əldə olunan vəsait büdcədə nəzərdə tutulmayan xərclərə yönəldilib.

XS
SM
MD
LG