Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Şərq Tərəfdaşlığı bəyanatında ərazi bütövlüyü, vizasız rejim, enerji…


Şərq Tərəfdaşlığının Brüssel sammitində: İspaniyanın baş naziri Pedro Sançes (solda), Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili, 15 dekabr, 2021-ci il
Şərq Tərəfdaşlığının Brüssel sammitində: İspaniyanın baş naziri Pedro Sançes (solda), Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili, 15 dekabr, 2021-ci il

Şərq Tərəfdaşlığı sammitində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, habelə Avropa İttifaqının birgə bəyanatı açıqlanıb

Şərq Tərəfdaşlığı proqramının dekabrın 15-də Brüsseldə keçirilən sammitində proqrama üzv 5 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna, habelə Avropa İttifaqı və onun bir neçə mühüm qurumlarının birgə bəyanatı açıqlanıb.

Bəyanatda deyilir ki, Şərq Tərəfdaşlığı ümumi təməl dəyərlərə, qarşılıqlı maraq və ortaq sahibliyə, iştirakçılığa, çeşidliliyə və qarşılıqlı hesabatlığa əsaslanmaqda davam edir.

Sənəddə qeyd olunur ki, Avropa Qonşuluq Siysətinin bir qolu kimi Şərq Tərəfdaşlığı Avropa İttifaqına onun Şərqi Avropa partnyorları ilə daha sıx yanaşma imkanı yaradır.

Bəyanatda xatırladılır ki, tərəfdaşlığın məqsədləri sabitlik, firavanlıq və qarşılıqlı əməkdaşlığın bərqərar edilməsidir.

Bəyanata imza atan tərəflər öz cəmiyyətlərində qanunun aliliyinin və demokratiyanın gücləndirilməsinə sadiq olduqlarını bildirirlər.

Bu da vurğulanır ki, Şərq Tərəfdaşlığına daxil ölkələr azlıq nümayəndələri də daxil insan haqları və təməl azadlıqların müdafiəsinə, gender bərabərliyinə, beynəlxalq qanunun normalarına əməl edəcəklərinə dair öhdəlik götürürlər.

Sənəddə deyilir ki, Avropa İttifaqı BMT Nizamnaməsinə, 1975-ci il Helsinki Yekun Aktına və 1990-cı il Paris Xariyasına uyğun olaraq özünün şərq partnyorlarının beynəlxalq aləmdə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü, müstəqlliyini və suverenliyini dəstəkləyir.

Bəyanatda Şərq Tərəfdaşlığı regionunda davam edən sabitsizlikdən, bir çox yerlərdə beynəlxalq qanunun normalarının pozulmasından, sülhə, sabitliyə və təhlükəsizliyə olan hədələrdən narahatlıq ifadə olunur, Şərq Tərəfdaşlığı bölgəsində bütün həll olunmamış münaqişələrin dinc yolla və beynəlxalq hüquqa uyğun çözümünə çağırış edilir.

Bəyanatda Avropa İttifaqının münaqişələrin qarşısının alınmasında, mövcud və razılaşdırılmış formatlarda tənzimlənməsində, etimadyaratma proseslərindəki fəaliyyəti alqışlanır.

İttifaqa can atanlar, Azərbaycan, Belarus…

Bu da xatıladılır ki, Şərq tərəfdaşları ilə əməkdaşlığın genişliyi və dərinliyi onlarla Aİ arasında imzalanmış müvafiq sazişlərlə müəyyən edilir və burada başlıca prinsip “çoxa çox” və “aza az” olaraq qalır.

Sənəddə deyilir ki, Şərq Tərədaşlığına üzv olan ölkələr Avropa İttifaqı ilə münasibətlərin ambisiya və məqsəd səviyyəsinin seçilməsində suveren hüquqa malikdirlər.

Belə görünür ki, bəyanatın bu hissəsində Şərq Tərəfdaşlığı ölkələrinin İttifaqla münasibətlərinin fərqli səviyyələrdə olduğu nəzərə alınıb.

Bəyanatda Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya Sazişlərinin imzalanması və tam qüvvəyə minməsi alqışlanır.

Bir sıra üzvlərin Avropa İttifaqı ambisiyaları ilə bağlı bildirilir ki, Assosiasiya və Dərin və Hərtərəfli Azad Ticarət Zonalarına dair sazişlər Avropa İttifaqı ilə daha sıx yanaşmaya və tədricən Avropa İttifaqının Daxili Bazarına inteqrasiyaya imkan verir.

Bəyanatda habelə Avropa İtttifaqı və Ermənistan arasında Assosiasiya Sazişinin 2021-ci ilin martından qüvvəyə minməsi təqdir olunur.

Bu da qeyd olunur ki, Aİ və maraqlı partnyorlar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması üçün davam edən danışıqlarda əldə olunmuş irəliləyişi alqışlayırlar.

Sənəddə Belarusun Şərq Tərəfdaşlığındakı iştirakını dayandırmasından təəssüf ifadə olunur və bildirilir ki, bu ölkədə demokratik keçid zəruri şəraiti yaratdıqdan sonra, Minsklə əməkdaşlıq bərpa oluna bilər.

Bu da bildirilir ki, Avropa İttifaqı Belarus vətəndaşlarını, bu ölkənin vətəndaş cəmiyyətini və müstəqil mediasını dəstəkləməkdə davam edəcək.

Vizasız rejimdən az söz deyilib

Bəyanatda vurğulanır ki, Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığının üzvləri arasında ticari və iqtisadi inteqrasiyanın dərinliyi tərəfdaş ölkələrdə islahatların həyata keçirilməsi, korrupsiyaya qarşı mübarizənin vəziyyəti, habelə qanunun aliliyinə riayət olunması səviyyəsindən asılı olacaq.

Bəyanatda habelə Ermənistan və Ukrayna ilə vahid aviasiya zonası haqqında razılaşmanın imzalanması, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqı ilə daha çox elmi-tədqiqat əməkdaşlığına imkan verən 7 illik Horizon Europe proqramına qoşulması alqışlanır.

Sənəddə həmçinin Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasından razılıq ifadə olunur.

Hesabatda Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında viza rejiminin liberallaşdırılması məsələsinə də toxunulur.

Bu da qeyd olunur ki, bu proseslər nizamsız və qanunsuz miqrasiyaları, əsassız sığınacaq müraciətləri və bu kimi başqa məsələlər nəzərə alınaraq davam etdirilməlidir.

Bəyanatda deyilir ki, hazırda qüvvədə olan vizasız gediş-gəliş rejimi saxlanacaq və müvafiq partnyorolarla yeni viza razılaşmaları məsələsinə baxılacaq.

22 səhifədən ibarət bəyanatda habelə Şərq Tərəfdaşlığı ölkələri ilə iqlim dəyişikliyi, Avropa təsisatları ilə əlaqələr, elm, enerji və bir çox başqa sahələrdə əməkdaşlıq məsələlərindən söz açılır.

XS
SM
MD
LG