Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

66 sahibkarın dükanı hasarlandı - 300 nəfər işsiz qaldı


Hasarlanmış dükanlar
Hasarlanmış dükanlar

-

«İcra hakimiyyəti 66 sahibkarın mağazasını hasarlatdırıb, bu gün-sabah da sökməkdə israrlıdır. Dükanların qabağını, demək olar ki, tamamilə hasarlamaq ora alıcının girə bilməməsi və dükanların bağlanması anlamına gəlir».

Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən «Şərq bazarı»nda mağazaları olan sahibkarlar AzadlıqRadiosunun «Qaynar xətt»inə danışırlar ki, yerli icra hakimiyyəti mağazaların ətrafını hasarlayır. Sahibkarlara mağazaların söküləcəyi bildirilib.

«QANUNİ SƏNƏDLƏR OLA-OLA...»

Sahibkar Fuad Həsənovun deməsinə görə, mağazalara dair bütün sənədləri qaydasındadır:

«Bu işin arxasında icra hakimiyyəti dayanır, şəxsən başçı himayədarlıq edir. Bazarın müdiriylə əlbirdirlər, ikisinin planıdır. Qanuni sənədlərimiz ola-ola, dükanlarımız əlimizdən alınır. Bu yaxınlara qədər başçının birinci müavini Akif Quliyev sahibkarlarla bir neçə dəfə görüşüb. Birinci görüşdə dedi ki, «dükanlar söküləcək, indi vəziyyət Eldar Əzizovun (keçmiş icra başçısı) vaxtındakı kimi deyil». Sonrakı görüşündə dedi ki, «yox, heç kəsin dükanı sökülməyəcək, sadəcə, abadlaşma ilə əlaqədar dükanların qarşısı hasarlanacaq». Tapşırdı ki, mallarımızı çıxaraq, hasarlanma işləri aparılsın, sonra yerinə qaytaraq. Sonuncu görüşdə söhbəti yenə dəyişdi, dedi, «başçı bazarın müdiri olan Rəşid Babayevin «RŞHT» şirkəti ilə bağlı sərəncam imzalayıb. Bazardakı obyektlər söküləcək»».

Sahibkar deyir, həmin şirkətin 66 sahibkara heç bir aidiyyəti yoxdur. Mağazalar özəlləşdirilib və onların şəxsi mülkiyyətidir. Demələrinə görə, heç başçının sərəncamında da həmin mağazalardan söz açılmır.

«NİYYƏT ABADLAŞDIRMA OLSAYDI...»

«Şərq bazarı» ətrafında bir müddətdir ki, mübahisələr bitib tükənmir. Gah sahibkarlarla bazar müdiri, gah bazar müdiri ilə Dövlət Əmlak Komitəsi arasında məhkəmə çəkişmələri olur. Sahibkarlar deyirlər, səbəb də odur ki, bazarın müdiri onların mülkiyyətçisi olduqları mağazalara əvvəl sahiblənmək istəyib, bu, baş tutmayanda isə, hasarlatmaq və sökmək kimi varianta əl atıb.

Sahibkar Vidadi Əliyev: «Rəşid Babayev 2010-cu ildə «Şərq bazarı»nın bir hektardan çox ərazisini gizlicə və qanunsuz özəlləşdirib. Bundan həvəslənib, 66 obyekti sahibkarların əlindən alıb əvvəl özünə götürmək istəyirdi, bu, baş tutmayanda isə, hasarlanma məsələsini ortaya atdılar. Halbuki, 66 obyektin sahiblərinin əlində dükanların onlara məxsus olması haqda «daşdan keçən» tam qanuni sənəd var. Niyyət abadlaşdırma olsaydı, indiyədək köhnədən qalma bazarı, özünün oturduğu binanı, bazarın ətrafındakı bərbad yolları, ətrafa dəhşətli üfunət qoxusu saçan zibilxananı abadlaşdırardı. Məqsəd gün kimi aydındır – mağazalarımızı hasarladıb sökdürmək, bizi müflis günə salmaq...».

135 MİN MANAT YIĞILIB

Sahibkarlara qəribə gələn odur ki, şəhərdə geniş abadlaşma işləri aparan icra hakimiyyəti açıq havada, yolun kənarında antisanitariya mənbəyi olan meyvə-tərəvəz bazarına, nədənsə, neçə vaxtdır göz yumur. Ancaq onların sahibi odluqları mağazaları abadlıq adı altında hasara aldırır.

Sahibkar davam edir: «Abadlaşmağa qalsa, zülmlə ailələrinə çörəkpulu qazanan sahibkarlar Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə keçən il 135 min manat pul yığıb veriblər. Abadlıq işləri başlayıb, ikinci mərtəbə üçün dirəklər belə qaldırılıb, ancaq bazarın müdiri Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verib. Məhkəmə predmeti olduğundan tikinti-abadlıq işləri dayandırılıb. Biz o pula tüpürüb yenidən öz vəsaitlərimiz hesabına dükanlarımızı gözəl bir layihə əsasında müasir görkəmə sala bilərik. Ancaq bunu qəbul etmirlər. Tələb edirlər ki, konkret, mallarınızı götürün, çıxın. Bu isə o deməkdir ki, sabah əl-qolumuzu polisə qandalladıb gözümüz görə-görə mağazalarımızı sökəcəklər».

«ƏMLAK SÖKÜLMƏYƏCƏK»

66 sahibkarla bazarın müdiri arasında məhkəmə çəkişmələri olub. Bütün məhkəmələr sahibkarların xeyrinə qərar çıxarıb. Hətta iş Ali Məhkəmənin Plenumunadək gedib çıxıb. Qərar yenə sahibkarların xeyrinə olub. Hətta Əmlak Komitəsi ilə Rəşid Babayev arasındakı məhkəmə çəkişməsi də Komitənin xeyrinə bitib. 24 sot (qərardan əvvəl 12 sot) ərazini əhatə edən 66 obyektin üzərində sahibkarların mülkiyyət hüququ təsdiqlənib. O da məlum olub ki, Rəşid Babayev ərazini 2010-cu ildə özəlləşdirdiyini bildirsə də, sahibkarların çoxu öz obyektlərini bundan 7 il – 2003-cü ilədək özəlləşdiriblərmiş.

Sumqayıt şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, mağazaların hasarlanması bu ilin fevralında başçının bazarın ərazisinin və ətrafının abadlaşdırılması ilə bağlı sərəncamının icrası ilə əlaqəlidir. Sahibkarların əmlakı sökülməyəcək. Yeni tikiləcək «Meyvəli» bazarının nəzdində fəaliyyət göstərəcək və hər bir sahibkarın əmlak hüququ qorunacaq.

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube Kanalında izləyin:

DİNLƏ: Günün hadisələri Azadlıq Radiosunda

"Qaçqınkom"un sədri Rusiyanı tərifləyir
Günün əsas hadisələri AzadlıqRadiosunda- 20 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün hadisələri Azadlıq Radiosunun TV proqramında

Formula 1. "Oturacaqlar yalnız test yürüşlərində boş olub"

XS
SM
MD
LG