Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:49

'Tərtər işi' üzrə zərərçəkmiş Validə Əhmədova: 'Oğlumu hədələyiblər ki, anan prezidentin əleyhinə danışır...'


Prezident Adminstrasiyasının qarşısında "Tərtər işi"nə görə aksiyaya cəhd
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Prezident Adminstrasiyasının qarşısında "Tərtər işi"nə görə aksiyaya cəhd

Tərtərdə yüzlərlə hərbçiyə qarşı işgəncələrdən zərərçəkənlərin bir qrupu noyabrın 22-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmişdi.

Onlar bu hadisədə rolu olan yüksək vəzifəli şəxslərin cəzalandırılmasını, işgəncə nəticəsində ölən hərbçilərə “şəhid” statusunun verilməsini tələb edirdilər.

Etiraz edənlərdən biri – 2017-ci ilin mayında Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova həmin aksiyada iştirakından sonra ailəsinin hədələndiyini deyir.

O, AzadlıqRadiosu-na danışır ki, aksiyadan bir gün sonra – noyabrın 23-də günorta saatlarında oğlu Emin Quliyevi 3 nəfər mülki geyimli şəxs yaşadığı evdən aparıb:

“Tərtərdə “4 yol” deyilən ərazi var. Orada apardırları maşından düşürüb, hər tərəfi qapalı olan başqa bir maşına mindiriblər. Axırda Bərdə rayon Polis Şöbəsinə aparıblar. Orada həm mülki, həm də hərbi geyimlilər olub. Oğluma deyiblər ki, “anan adamları etiraz aksiyasına yığıb iğtişaş yaradır, prezidentin əleyhinə danışır, buna son qoymasa, sən həbs olunacaqsan”.

V.Əhmədova deyir ki, oğlunun səhhətində ciddi problemlər var. Özəlliklə qardaşının ölümündən sonra sarsıntı nəticəsində onun durumu pisləşib və illərdir müalicə altındadır:

“Belə vəziyyətdə olan adamı aparıb saatlarla təzyiq altında saxlamaq, təhdid eləmək hansı çərçivəyə sığar? Birini öldürüblər, əl çəkmirlər. Oğluma deyiblər ki, “namaz qılansan, elə eləmə ki başqa dindirların başına gələnlər sənin də başına gəlsin”. Minnət qoyublar ki, “dindarsan, amma sənin qardaşın Tərtərdə elə olduğuna görə indiyədək sənə dəyməmişik”.

V.Əhmədova Tərtərdəki işgəncələrə görə həbs olunanların məhkəməsinə zərərçəkmişin hüquqi varisi qismində qatılır.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənsə də, aparılan araşdırmalar V.Əhmədova və digər zərərçəkmişləri razı salmır. Onlar iddia edirlər ki, bu hadisələrdə rolu olan yüksək vəzifəli şəxslər cəzalandırılmayıb.

“Qatilləri qoruyurlarsa, mən necə geri çəkilim?”

Zərərçəkmişlər etiraz aksiyasında Müdafiə naziri Zakir Həsənov, baş Qərargah rəisi Kərim Vəliyev, Hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov və o dövrdə korpus komandiri olmuş general Hikmət Həsənov və digərlərinin cəzalandırılmasını tələb edirlər.

V.Əhmədova deyir ki, ailəsinə qarşı təhdid və təzyiqlərə baxmayaraq, geri çəkilməyəcək:

“Mənim içimdə elə bir yara açıblar ki, 7 ildir qaysaq bağlamır. Tərtər qatilləri cəzasını alana, ölənlərə şəhidlik statusu verilənədək geri çəkilməyəcəm. Qatilləri qoruyurlarsa, mən necə geri çəkilim? Nə qədər ayağım yer, dilim söz tutur, balamın haqqını tələb eləməsəm, özümü bağışlaya bilmərəm”.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosu-na bildirilib ki, Emin Quliyevin Bərdə rayon Polis Şöbəsinə aparılması və orada təhdidlərə məruz qalması haqda anasının dedikləri həqiqətə uyğun deyil.

Xatırlatma

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı indi üç qrupun məhkəməsi gedir. İki qrupun hərəsində 4 nəfər, bir qrupda isə 5 nəfər mühakimə olunur.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələriylə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddialarıyla əlaqədar mühakimə olunur.

2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilərək, dövlətə xəyanətdə ittiham olunub. Onlara 20 ilədək həbs cəzası kəsilib.

Ancaq 2021-ci ilin dekabrında - yenidən araşdırmalar başlanandan sonra dövlətə xəyanətdə ittiham olunan şəxslərdən 19 nəfərin işinə yenidən baxıldığından, onlar bəraət alıblar və indi Tərtər işgəncələriylə bağlı məhkəmələrdə də zərərçəkmiş qismində iştirak edirlər.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 14 nəfər olduğunu deyirlər.

İşgəncə nəticəsində ölənlərdən beş nəfərə sonradan bəraət verilib

XS
SM
MD
LG