Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:42

Kiyev: Rusiyanın referendumları heç nəyi dəyişməyəcək


Xersonun ilhaqına qarşı aksiya
Xersonun ilhaqına qarşı aksiya

Ukraynanın Xerson vilayətindəki işğal administrasiyası regionun Rusiyaya birləşdirilməsi üçün referendum keçirmək barədə qərar qəbul edib

Ukrayna hökuməti Xerson və Zaporojye vilayətlərindəki separatçıların və işğal administrasiyalarının bu vilayətlərin Rusiyaya birləşdirilməsi üçün elə bu həftə referendumlar keçiriləcəyinə dair bəyanatlarını şərh edərkən bildirib ki, bu hərəkətlər Kiyev üçün heç nəyi dəyişməyəcək.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba sentyabrın 20-də Twitter-də yazıb:

"Nə saxta referendumlar, nə də hibrid səfərbərlik heç nəyi dəyişməyəcək. Ukrayna torpaqlarının bir hissəsini işğal etmiş Rusiya təcavüzkar ölkə olaraq qalır. Ukrayna öz ərazilərini azad etmək haqqına malikdir və Rusiyada nə deyilməsinə baxmayaraq, bunu edəcək”.

Ukrayna prezidenti administrasiyasının başçısı Andrey Yermak referendumlar keçirmək niyyətini “sadəlövh şantaj” adlandırıb:

"Darmadağın olunmaq qorxusu elə belə olur. Düşmən qorxur və primitiv şəkildə manipulyasiya edir. Ukrayna Rusiya məsələsini həll edəcək. Təhlükəni yalnız güclə ləğv etmək olar”.

Yermakın müşaviri Mihaylo Podolyak referendumlar keçirilməsi planını Riusiyanın Ukrayna ordusunun əks-hücumuna cavabı adlandırıb.

Qərb Moksvanın planlarını pisləyir

Almaniya kansleri Olaf Şolts Ukraynadakı separatçı və işğalçı administrasiyaların planlarını şərh edərkən deyib ki, beynəlxalq icma “saxta referendumları” rədd etməlidir:

"Çox aydın məsələdir ki, bu saxta referendumlar qəbul oluna bilməz, onlar beynəlxalq hüquqa ziddir”.

NATO-nun baş katibi Yens Stoltenberq də öz şərhində “saxta referendumlar” ifadəsindən istifadə edib.

Onun fikrincə bu referendumların legitimliyi yoxdur və onlar Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsinin mahiyyətini dəyişmir:

"Bu Putin müharibəsinin daha da eskalasiya olunmasıdır. Beynəlxalq icma beynəlxalq qanunun bu həyasız pozulmasını pisləməli, Ukraynaya dəstəyi artırmalıdır”.

ABŞ da Rusiyanın Ukraynada keçirmək istədiyi referendumları “saxta” adlandırıb.

Fransa prezidenti Emmanuel Makron deyib ki, dünya birliyi Ukraynanın işğal edilmiş şərqində keçiriləcək bu “sinik” referendumları tanımayacaq.

Xerson və Luhanskın Rusiyaya birləşdirilməsi yenidən gündəmə gəlir

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Ukraynanın Xerson vilayətindəki işğal administrasiyası regionun Rusiyaya birləşdirilməsi üçün referendum keçirmək barədə qərar qəbul edib.

Bu barədə bəyanatı Rusiya tərəfindən təyin edilmiş administrasiyanın başçısı Vladimir Saldo sentyabrın 20-də verib. Lakin o referendumun keçiriləcəyi dəqiq tarixi deməyib.

Eyni gündə separatçı Luhanskın “parlamenti” belə bir referendumun Luhansk vilayətinin işğal olunmuş hissəsində keçirilməsi haqqında “qanuna” səs verib.

Bu qanun artıq imzalanıb və referendumun sentyabrın 23-dən 27-dək keçiriləcəyini elan olunub.

Bundan əvvəl təcili qaydada referendum keçirilməsi tələbi ilə Saldoya işğal olunmuş Xerson vilayətinin Rusiyanın iştirakilə regionun Rusiyaya birləşdirilmısi məqsədilə referendumun keçirilməsi üçün yaradılmış ictimai şurası müraciət etmişdi.

Sənəddə deyilir ki, “müraciət Xerson vilayətindəki ictmai təşkilatların və sakinlərin istəyi ilə hazırlanıb”.

Şura üzvləri əmindirlər ki, “təşəbbüs Xerson vilayətinin sakinləri tərəfindən tam dəstəklənəcək”.

Onlar hesab edirlkər ki, Xersonun Rusiyaya birləşdirilməsi regionun təhlükəsizliyini təmin edə bilər.

Əhalinin yarısı ilə referendum?

Eləcə də xəbər verilir ki, Rusiyanın nəzarətində olan Melitopol şəhərində Ukraynanın Zaporojye vilayəti sakinlərinin Rusiyanın tərkibinə daxil olmaq üçün referendum keçirilməsi məqsədilə qurultayı təşkil olunub.

Vilayətin mərkəzi şəhəri - Zaporojye Ukraynanın nəzarəti altındadır. Müharibəyə qədər bu şəhərdə vilayət əhalisinin az qala yarısı yaşayırdı.

Sentyabrın 19-da Rusiyanın tərkibinə daxil olmaq üçün təcili referendumun keçirilməsi tələbi ilə qondarma DXR və LXR-in “ictimai palataları” müraciət etmişdilər.

Onlar da belə bir referendumun regionun təhlükəsizliyini təmin edəcəyini bildirirlər.

Rusiya ilhaqa hazırdır

Rusiya Ukraynanın ərazisinə fevralın 24-də müdaxilə edib. Mart ayında Rusiya ordusu Xerson vilayətini işğal edib.

Donetsk, Luhansk və Zaporojyedə keçirilməsi planlaşdırılan referendumların vaxtı dəfələrlə təxirə salınıb. Sonuncu tarix kimi 4 noyabr tarixi elan edilmişdi.

Ukrayna avqustun sonlarında Xerson vilayətində əks-hücuma keçib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin sentaybrın 20-də deyib ki, əgər Donetsk və Luhansk vilayətlərində keçiriləcək referendumlarda müvafiq nəticə alınsa Rusiya parlamenti bu vilayətlərin ilhaqı haqqında qanun qəbul edəcək.

Ukrayna regionlarının başqa dövlətlərin ərazisinə birləşdirilməsi Ukrayna qanunvericiliyi ilə qadağandır.

Kiyev dəfələrlə bildirib ki, Rusiyanın Ukrayna ərazisində keçirdiyi referendumların nəticələrini tanımayacaq.

XS
SM
MD
LG