Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:39

«Xəstə» Beynəlxalq Bankın uzunmüddətli müalicəsi


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

-

Beynəlxalq Bankı xilas etmək üçün dövlət büdcəsindən Mərkəzi Banka (MB) ayrılan 3 milyard manat borc 2045-ci ildə qaytarılacaq. MB-nin ötənilki fəaliyyət hesabatında belə yazılıb.

Hesabata görə, borcun 2.5 milyardı artıq 2015-ci ildə götürülüb, yerdə qalan 500 milyon manat isə, çox güman, bu il alınacaq. Borc illik 0.15 faizlə cəlb edilib.

Ölkə bank bazarının 40 faizinə nəzarət edən Beynəlxalq Bank ətrafında söz-söhbət keçən ilin martında - İdarə Heyətinin sədri Cahangir Hacıyevin istefasından bəri başlanıb. O, səhhətinə görə istefa verdiyini söyləsə də, daha sonra baş verənlər bunun doğru olmadığını üzə çıxardı.

HƏBS EDİLƏNLƏRDƏN BİRİ DƏ...

Banka kredit öhdəliklərini ödəyə bilməyən və ya ödəməkdən yayınan çox sayda sahibkar istintaqa çağrıldı və həbslər də oldu. Həbs edilənlərdən biri dəC.Hacıyevin özü idi.

Baş verənlərin ardından prezident İlham Əliyev ötən il iyulun 15-də BB-nin maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması haqqında fərman imzaladı. Fərmanda deyilirdi ki, «son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub».

Bu səbəbdən problemli aktivlər BB idarəçiliyindən çıxarılaraq ixtisaslaşmış quruma - dövlətə məxsus «Aqrarkredit» QSC bank olmayan kredit təşkilatına verilib. Bu təşkilat əvvəllər başqa bir bankın problemlərinin həllinə çalışmışdı.

Bütün bunlarla yanaşı, borcun faiz dərəcəsi, geriqaytarılma müddəti suallar doğurur. Artıq ənənəvi hal alan bir sual da yaranır: Niyə banka yardım var, vətəndaşa yox?

«AZƏRBAYCAN VƏTƏNDAŞI BU GÜN BİR QRUP MƏMURUN CƏZASINI ÇƏKİR»

İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə,30 il müddətinə illik 0.15 faizlə 3 milyard manat dəstək bank sektorunun ən böyük aktyorunu sağlamlaşdırmaq məqsədi daşısa da, haqlı narazılıq da doğurur:

«Hökumət Beynəlxalq Bankın səmərəsiz fəaliyyətinə görə uzun müddət tənqid olunsa da, konkret addımların atılmaması bu nəticələrə yol açdı. İctimailəşdirilən məlumatlardan aydın oldu ki, bu bankın vəsaitlərini, sözün həqiqi mənasında, idarəedicilər mənimsəyib. Başqa sözlə, bankın içi boşaldılıb və Azərbaycan vətəndaşı bu gün bir qrup məmurun cəzasını çəkir».

«VƏTƏNDAŞA YARDIM EDƏN OLMADI»

Ekspert vətəndaşların devalvasiyasonrası ağır vəziyyətini xatırladır və bu durumun yüngülləşdirilməsinə yönəlik tədbirlərin görülmədiyinə diqqət çəkir: «Xüsusən ikinci devalvasiyanın zərərləri təxminən 4-4.5 milyard manat məbləğində qiymətləndirilir. Ən azı, ədalətin təmin edilməsi naminə, dövlət bu zərərin kompensasiyasını təmin etməliydi».

Ekspert Zöhrab İsmayılın qənaətincə, bu məsələnin arxasında bankın özəlləşdirilməsi durur: «Bankı ölkə rəhbərliyinə yaxın çevrələrin özəlləşdirməsi planlaşdırılır. Elə edirlər ki, gələcək sahiblərin heç bir problemi olmasın».

Z.İsmayıl düşünür ki, vəsaitin 30 illiyə və belə aşağı faizlə verilməsi araşdırılmalıdır: «Bank bu müddətdə dövlət mülkiyyətində qalsaydı, - başqa məsələ, amma özəlləşdirilməyə hazırlanır. İndi, görək, bankın özü neçəyə özəlləşdiriləcək? Hər bir halda bank tam dövlət bankı deyil, buna görə də belə imtiyazlı şərtlər açıq şübhə doğurur. Həm müddət çoxdur, həm də faiz çox aşağıdır».

«İNDİKİ NƏSİLLƏRİN PİS ƏMƏLLƏRİNİN BƏDƏLİNİ...»

Ekspert Rövşən Ağayev banka verilən borcun 2045-ci ildəki mümkün dəyərinə diqqət çəkir: «Bu vəsait o zaman dəyərsiz kağız parçasına çevriləcək. İndiki nəslin vergi ödəyicilərinə büdcədən ödədirlər, 30 ildən sonra da gələcək nəslin biznes adamlarına ödədəcəklər - bankdan büdcəyə. İndiki nəsillərin pis əməllərinin bədəlini gələcək nəsillərə ödətməyin bariz nümunəsidir».

XS
SM
MD
LG