Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:40

Dollarla kreditlər köhnə məzənnə ilə qaytarılsa...


Azərbaycanda antikollektor firması
Azərbaycanda antikollektor firması

-

Hökumət kompensasiya vermir, bank güzəştə getmir, vətəndaş da ödəyə bilmir...

Manatın devalvasiyası bankdan dollarla kredit götürənlərə ikiqat zərbə vurub. Onlar həm krediti yeni məzənnəylə qaytarmağa, həm də bazarda istehlak qiymətlərinin qalxmasına uyğunlaşmağa məhkum olunublar.

«Azərbaycanda niyə kompensasiya verilməsin?»

Düzdür, öncə ümid də vardı: Hökumət dollarla kredit götürənlərin yükünü azaltmaq üçün hər hansı təzminat mexanizmi işləyə bilərdi. Di gəl, Maliyyə Bazarlarına Nəzarət Palatası son ümidlərin üstündən xətt çəkdi və «Belə bir qərar gözlənilmir», - dedi.

Məsələni şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hökumətə bənzər vəziyyətlə üzləşmiş ölkələrin təcrübəsindən yararlanmağı məsləhət görür:

Vüqar Bayramov
Vüqar Bayramov

«2008-ci ildə - qlobal maliyyə böhranı yaşanarkən, ABŞ hökuməti 1 trilyon dollar həcmində iqtisadiyyatı stimullaşdıracaq zərf hazırladı və icra etdi. Onlardan biri də bank kreditlərinin qaytarılması idi. Orta aylıq əməkhaqqı 4 min dollar olan ABŞ-da kreditlərin qaytarılması üçün hökumət stimullaşdırıcı tədbirlər görürsə, orta aylıq əməkhaqqı 330 dollar olan Azərbaycanda niyə kompensasiya verilməsin?».

«Kreditlərin qaytarılacağı inandırıcı görünmür»

Bütövlükdə 19,7 milyard manat həcmində bank kreditlərinin bir hissəsi ABŞ dollarında verilib. V. Bayramovun hesablamasına görə, dollarla götürülən kreditləri yeni məzənnəyə uyğun qaytarmaq üçün 3,5 milyard manatlıq fərq yaranıb.

Durum belədir ki, hökumət kompensasiya barədə düşünmür. Elə banklar da müştərilərinə ciddi güzəştə getməyə hazırlaşmır. Ekspertin fikrincə, böhran zərbəsindən sarsılan bank müştəriləri – istehlak kreditlərinin istifadəçiləri və kiçik sahibkarlar da bu məbləği ödəmək iqtidarında deyillər:

«Nəzərə almaq lazımdır ki, ötən ilin əvvəlində 10 min dollar kredit götürən şəxsə, o zamankı məzənnə ilə, bank 7 min 800 manat verib. İndi həmin kredit üzrə əsas məbləğ, faizlər hesablanmadan, 15 min manat olub. Fərq – 7 min 200 manatdır. Faizlərlə birgə ümumi borcsa - 20 min manat. Aydın məsələdir ki, dövlətin dəstəyi olmadan bu kreditlərin qaytarılacağı inandırıcı görünmür».

Amma Qazaxıstan və Qırğızıstan qərar qəbul edib

Xatırlatmaq yerinə düşər ki, postsovet məkanında olan bəzi ölkələrin – Qazaxıstan və Qırğızıstanın hökumətləri xarici valyutada verilən kreditlərin qaytarılması məsələsində vətəndaşların vəziyyətini yüngülləşdirən qərarlar qəbul edib.

XS
SM
MD
LG