Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:59

«İnanın, indiyə kimi mən ancaq faiz ödəyirəm»


Antikolektor firması, 26 apr. 2016, Bakı
Antikolektor firması, 26 apr. 2016, Bakı

-

Borcunu qaytara bilməyənlər ümidi antikollektorda axtarır

«32 min dollar götürmüşdüm, nənəmin evini girov qoymuşdum. Dollarla götürəndə kurs 78 qəpik idi, sonra da qalxdı».

Həm təhsil müəssisələrinin birində idman müəllimi işləyən, həm də işdən sonra bərbərlik edən Ağarəhim Məmmədov antikollektor firmasının yüzlərlə müştərisindən biridir. Götürdüyü krediti həyat yoldaşının əməliyatlarına xərcləyib: «Heç faydası da olmadı, onu itirdik. Bu dərdin içində indi də nənəmin evini əlimizdən alacaqları ilə hədələyirlər», Ağarəhim deyir. Nənəsi Həmayə Hacıyeva da kədərlidir:

Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

«Bank evimizi əlimizdən alacaq, 87 yaşlı yoldaşım, hamilə gəlinim hara gedəcəyik?» deyə sual edir.

Kredit borcu olan Ağarəhim Məmmədov və nənəsi Həmayə Hacıyeva
Kredit borcu olan Ağarəhim Məmmədov və nənəsi Həmayə Hacıyeva

Onlar bankın kreditini ödəməkdən imtina etmədiklərini vurğulayırlar: «Demirik ki, «ödəmirik». Vaxt istəyirik. Həyət evim var, dəyər-dəyməzinə satmaq istəyirəm ki, bircə krediti bağlayım. İnanın, indiyə kimi mən ancaq faiz ödəyirəm, hələ əsas məbləğə gəlib çıxmamışam. Ödədiyim faiz də elə kredit məbləğinə yaxınlaşır», Ağarəhim Məmmədov danışır.

Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

Himayəsində 3 yaşlı körpəsi olan idman müəllimi götürdüyü borcu ödəmək üçün işdən sonra bərbərlik eləsə də, qazancı ilə borcu arasındakı məsafəni uzlaşdıra bilmir.

«3 min 300 manata görə böyrəyimi satmağı təklif elədilər»

Antikollektor firmasında növbə gözləyən müştərilərdən birinə yaxınlaşanda «mənim məsələm fərqlidi deyir». O, bir müddət «Bank onun böyrəyini satmasını istədi» sərlövhəsi ilə mətbuatın qəhrəmanına çevrilən Mübariz Bayramov imiş. Tragik-komik çalarlı əhvalatını bizə də danışır, deyir ki, ev təmiri ilə məşğul olub, bankların kredit kartlarından istifadə edər, vaxtlı-vaxtında da pulunu ödəyərmiş: «Cəmi 3 min 300 borcum var, manat ucuzlaşandan sonra sifarişlərim dayandı, krediti ödəyə bilmədim, indi deyirəm ki, «imkanım yoxdur, iş tapan kimi ödəməyə başlayacam». Məni hədələdilər, «nə yolla olur-olsun, borcunu gətir» dedilər, təklif elədilər ki, böyrəyimi satım. Mən də getdim «Semaşkoya», orda həkimlərə yaxınlaşıb dedim ki, «böyrəyimi kimə sata bilərəm?» Həkimlər də dedilər ki, «Dəlisən, nəsən? Burda böyrək almırlar, çıx get, polis eşitsə, gəlib səni tutar».

Mübariz Bayramov ümidlidir, deyir ki, məhkəmə davasına başlayır və inanır ki, işi udacaq.

«Məhkəmə perspektivi görmədiyimiz işi qəbul eləmirik»

Antikollektorun əməkdaşı Cavid Əhmədov deyir ki, məhkəmə perspektivi görmədikləri işi qəbul eləmirlər. Onun sözlərinə görə, gün ərzində 15-dən çox müştəri gəlir, hərəsinin öz hekayəsi olsa da, hamısını birləşdirən ümumi bir xətt var: borcu ödəyə bilmirlər: «Əsasən, dollar krediti götürənlərdir, avtokredit, ipoteka krediti olanlardır, manatla kredit götürənlər də yüksək olan faizləri ödəyə bilmirlər deyə bizə üz tuturlar».

Cavid Əhmədov deyir ki, 20-30 işlə bağlı artıq məhkəmə prosesi başlayıb: «Ancaq hələ ki, qərar verilən məhkəmə işimiz yoxdur. Proses yeni başlayıb».

«Hətta alış-veriş mərkəzlərindən şikayətlər olur»

Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, antikollektoru işə salanda niyyətləri banklara qarşı səlib yürüşü olmayıb, əksinə, onlar bank sisteminin daha sağlam və real şərtlərlə çalışmasını istəyirlər: «Bizə təkcə bank kreditləri ilə müraciət etmirlər, lombardlarla, lizinq şirkətlərilə, alış-veriş mərkəzləri ilə bağlı müraciət edən də, tək-tük olsa da, var. Məsələn, nisyə mal alıb, indi mağaza müştəridən borcunu dollarla ödəməsini tələb edir».

Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

Əkrəm Həsənov qeyd edir ki, onlar ilkin müraciəti pulsuz verirlər, əgər borca görə həbs varsa, həmin şəxsi təmənnasız müdafiə edirlər: «Müştərilərimizə, ilk növbədə, psixoloji yardım lazımdır. Kiçik məbləğli krediti olan müştərilər borcu qaytarmaqdan ötrü hədələnirlər. Bu da onlara psixoloji zərbə vurub. Biz onlara məsləhət veririk ki, narahat olmasınlar, çünki hüquqi baxımdan, bankın krediti ödəmə qabiliyyəti olmayan müştəriyə qarşı addım atması mümkün deyil».

«Demirik ki, borclar qayıtmasın»

Əkrəm Həsənovun sözlərinə görə, əsas çətinliyi girovu olan müştərilər yaşayır, bu zaman onların yaşadıqları ev əllərindən alına bilər. Hüquqşünas qeyd edir ki, onlar qanunvericiliyin bütün imkanlarından istifadə edərək müştərilərə kömək göstərmək istəyirlər:

«Demirik ki, «götürülən borclar qaytarılmamalıdır». Əksinə, deyirik ki, «qaytarılmalıdır». Ancaq banklar qanunvericilikdə nəzərdə tutulan yolla hərəkət eləməlidirlər və bizə müraciətlərin əksəriyyətində, təəssüf ki, bunun əksini görürük».

«Maliyyə ombudsmanı yaradılmalıdır»

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin əməkdaşı Samir Əliyev hesab edir ki, bank qanunvericiliyində müştərilərin hüquqları qorunmur və bu da indiki mənzərəni yaradıb: «Bizdə kollektor fəaliyyətini tənzimləyən qanunvericilik yoxdur, ancaq realda bunlar fəaliyyət göstərir və borclu vətəndaşa borcunu ödəmək üçün təzyiqlər edirlər».

Gözlə

No media source currently available

0:00 0:01:57 0:00
Direct-ə keçid

Samir Əliyev deyir ki, antikollektor da hüquqları pozulan müştərilərə hüquqi yardım göstərir: «Bəlkə adı uğursuzdur, ancaq bu qurumun əsas funksiyası müştərilərə hüququ yardım göstərməkdir. Bu cür qurumlar bütün ölkələrdə var. Biz təklif etmişik ki, maliyyə ombudsmanı yaradılsın və belə problemlər məhkəməyə çıxmamış həll edilsin, üstəlik, insanlar pulsuz hüquqi yardım ala bilsinlər», müsahibimiz deyir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı martın 3-də Milli Məclisdə antikollektorların fəaliyyətini tənqid atəşinə tutmuşdu. O, antikollektorların yardımçı deyil, insanlara bank borclarını qaytarmamağın yollarını öyrədən bir qurum olduğunu deyərək, sözünü belə bitirmişdi: «Mən qayıdanda o şirkətlə məşğul olacağam».

Maliyyə Bazarlarına Nəzarət Palatası artıq fəaliyyətə başlayan antikollektora münasibətini dəyişibmi? Problemli kreditlərin qaytarılması üçün konkret təkliflər hazırlayırlarmı? Palatadan suallarımıza bir həftə ərzində cavab verəcəklərini söylədilər. Elə antikollektorun fəaliyyətinə münasibətini öyrənmək istədiyimiz banklardan da təxminən bu cavabı aldıq.

XS
SM
MD
LG