Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:01

‘Z’- yeni svastika? Qadağan edənlər və dəstəkləyənlər


Serbiyada mağaza
Serbiyada mağaza

Moldova və Litva "Z" simvolunu və Georgi lentini qadağan edib

Moldova prezidenti Mayya Sandu “Rusiya vətənpərvərliyini və Ukraynaya qarşı təcavüzü” simvolizə edən qara-narıncı müqəddəs Georgi lentini qadağan edən qanunu imzalayıb.

Yeni qanun habelə Moskvanın Ukraynaya səbəbsiz və əsassız hücumunun simvoluna çevrilmiş “Z” və “V” rəmzlərini də qadağan edir.

Rusiya Ukraynaya müdaxilə edən tanklarını və başqa hərbi texnikasını bu hərflərlə işarələyib.

Sandunun aprelin 19-da imzaladığı qanun bu simvolları üstündə gəzdirən və nümayiş etdirən şəxslərin 900 ley (49 dollar) cərimə olunmasını nəzərdə tutur.

Moldova parlamenti sözü gedən qanunu ötən həftə qəbul etmişdi.

Putinin dostu Dodon

Moldovanın keçmiş putinpərəst prezidenti İqor Dodon bu qanunu tənqid edərək deyib ki, “prezident yoxsulluqla mübarizə aparmaqdanda, simvollarla mübarizə aparır”.

Dodon habelə mayın 9-da Qələbə yürüşü təşkil edəcəyini bildirib.

9 may Rusiyada və bir sıra başqa keçmiş sovet respublikalarında faşizm üzərində qələbə günü kimi qeyd edilir.

Lakin son illərdə Putin Rusiyası bu bayramdan Ukraynaya qarşı təcavüzünə, Krımın ilhaqına və Ukrayna separatçılarına dəstəyinə haqq qazandıran təbliğat kimi istifadə edir.

Ötən ay prezident Sandu Moldovanın Avropa İttifaqına üzvlüyü üçün rəsmi müraciəti imzalayıb.

Sürətlə Aİ üzvlüyünə

Avropa rəsmiləri bildirirlər ki, Rusiyanın Ukraynaya müdaxiləsinə görə onun, habelə Moldova və Gürcüstanın Aİ üzvlüyü prosesi sürətləndirilməlidir.

Litva Seymi də aprelin 19-da “Z” və “V” rəmzlərini, habelə müqəddəs Georgi lentini qadağan edən qanun qəbul edib.

Bu qanun sözü gedən rəmzləri geyimlərdə, avtomobillərdə və hər hansı başqa şəkildə nümayiş etdirənlərin 300-700 avro civarında cərimələnməsini nəzərdə tutur. Hüquqi şəxslər üçün isə cərimənin məbləği 1200 avroya çata bilər.

Qanunun təkrar pozulmasına görə cərimələr müvafiq olaraq fiziki şəxslər üçün 500-900 avro və hüquqi şəxslər üçün 800-1500 avrodur.

Ötən həftə Ukrayna millət vəkilləri də buna bənzər qanun qəbul ediblər.

Kilsə həm dəstəkləmir, həm də dəstəkləyir

Bu arada Rus Pravoslav Kilsəsi (RPK) Kurqan vilayətində Pasxa kuliçlərinin və ya şirin çörəklərinin “Z” simvolu ilə bəzədilməsini şərh edib.

Kilsənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vaxtanq Kipşidze deyib ki, Pasxa üçün Xristianlığın öz simvolu tamamilə yetərlidir:

"Mən düşünmürəm ki, kuliçlərin üzərinə hər hansı simvolların əlavə edilməsi yerinə düşür və məbədlərdə belə kuliçlərin xeyir-dualanması dəstəklənmir...”

Lakin Kipşidze bununla yanaşı bildirib ki, RPK “Rusiya ordusunun dəstəklənməsinə yönəlmuş bütün xalq təşəbbüslərini” dəstəkləyir.

Amma o əlavə edib ki, belə dəstək kilsələrin “ilahi ərazisindən” kənarda ifadə olunmalıdır.

Məqsəd qazanc deyil

Rusiya mediasının xəbərlərində deyilirdi ki, Kurqan vilayətinin Şadrinsk rayonunda üzərində “Z” simvolu olan Pasxa kuliçləri satışa çıxarılıb.

Media yazır ki, belə kuliçlərin bir dənəsi 190 rubldur, yəni üzərində dovşan və ya yumurta rəmzi olan çörəklərdən üç dəfə ucuzdur.

Həmin supermarketin sahibi mətbuata deyib ki, bu kuliçlərin satışa çıxarılmasından məqsəd qazanc götürmək yox, “Ukraynada döyüşən uşaqlarımızı” dəstəkləməkdir.

O iddia edib ki, hələ I Dünya Müharibəsində Pasxa kuliçlərinin və yumurtalarının üstündə hərblə bağlı simvollar çəkilirdi.

Eyni zamanda Ukrayna ilə həmsərhəd Belqorod vilayətində də “Z” simvollu çörək məmulatının satışına başlanıb.

Ukraynaya təcavüzü tənqid edənlərdən bəziləri bildirirlər ki, “Z” rəmzi bir növ “yeni svastikaya” çevrilib.

XS
SM
MD
LG