Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:30

Həmməruzəçilər artıq 2008-ci il seçkilərindən danışırlar


AŞPA Azərbaycanda seçki islahatları məsələsini yenidən gündəmə gətirəcək
AŞPA Azərbaycanda seçki islahatları məsələsini yenidən gündəmə gətirəcək

Bəzi ekspertlər həmməruzəçilərin bəyanatını Qərbin demokratiyadan geri çəkilməsi, YAP təmsilçisi isə müəmmalı sənəd adlandırır


«2008-ci il prezident seçkisinin Avropa Şurası standartlarına tam uyğun gəlməsi üçün güclü siyasi iradə lazımdır». Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin hazırladığı məruzədə belə deyilir. Sənəd qurumun iyunun 26-dan 30-dək keçiriləcək yay sessiyasının müzakirəsinə çıxarılacaq.


Ekspertlərin bu bəyanatla bağlı fikirləri haçalanır. Onların bəziləri bildirilər ki, Avropa Şurası Azərbaycana islahatlar aparmaq üçün vaxt verir. Bəziləri isə hesab edirlər ki, bu, ikili yanaşmadır və Qərb demokratiyanı arxa plana keçirmək, diqqəti son parlament seçkilərinin üzərindən yayındırmaq istəyir.


Siyasi təhlilçi Zəfər Quliyevin fikrincə, həmməruzəçilərin birdən-birə 2008-ci il seçkilərindən danışması parlament seçkiləri ilə bağlı onsuz bitməkdə olan müzakirələri finiş nöqtəsidir. Cənab Quliyev deyir ki, Qərb demokratiyadan həmişə öz maraqları naminə təzyiq kimi istifadə edib. İndi də elə bir vaxt yetişib ki, Azərbaycan hakimiyyətinin mövqeyi Qərb, xüsusilə də ABŞ üçün önəmlidir. Bu daha çox regionda gedən proseslər, iri neft-qaz layihələri və İran ABŞ münasibətləri ilə bağlıdır. Ona görə də Azərbaycanla bağlı yenə də ikili standart həyata keçirilir, cəmiyyəti inandırmaq istəyirlər ki, olan-olub keçən keçib, gəlin növbəti prezident seçkilərinə ümid edək. Siyasi təhlilçi Zəfər Quliyev belə düşünür: «İmitasiya oyunu indidən başlayıb. Cəmiyyətdə yeni seçkilərə ümidi və fəallığı artırmaq üçün belə addımlar atılır. Əslində, oxşar situasiya hər seçkidən sonra yaranır. Lakin belə siyasi təcrübənin çox acı nəticələri olur. Cəmiyyətin seçkiyə həm marağı, həm də inamı itir və onu bərpa etmək mümkün olmur».


Zəfər Quliyev deyir ki, bu bəyanat Qərbin Azərbaycandakı son parlament seçkilərindən bir də danışmayacağı kimi yozulmamalıdır, hakimiyyətə təzyiq etməyə ehtiyac yarandıqca, 2005-ci ilin parlament seçkiləri də hələ iki il, növbəti seçkiəyə qədər vaxtaşırı müzakirəyə çıxarılacaq. Zəfər Quliyevin fikrincə, 2008-ci il prezident seçkilərinin gündəmə gətirilməsi hakimiyyətə «irəlidə bir prezident seçkiləri də var, bizimlə hesablaşın» xəbərdarlığıdır.


Politoloq Zərdüşt Əlizadə isə həmməruzəçilərin bəyanatına bir az fərqli yanaşır. Deyir ki, həmməruzəçilər özləri buna inanmasalar belə, 2008-ci illə bağlı islahatların indidən başlanmasının tərəfdarıdırlar. Onun fikrincə, AŞPA anlayır ki, siyasi iqtidar xoşluqla hakimiyyətdən əl çəkməyəcək: «AŞPA da bunu başa düşür və üstüörtülü ismarıc göndərir ki, islahatları indi başlamasanız sizi ciddi tənqid, hətta cəza da gözləyə bilər».


YAP-ın İcra katibinin müavini, deputat Mübariz Qurbanlı isə deyir ki, həmməruzəçilərin son mesajının nə cür yozulmasından asılı olmayaraq, Yeni Azərbaycan Partiyası 2008-ci ildəki prezident seçkilərində də fəal iştirak edəcək və seçkilərin azad və ədalətli keçməsi üçün hakimiyyətin siyasi iradəsi yetərlidir. Mübarizə Qurbanlı deyir ki, həmməruzəçilərin «hakimiyyət siyasi iradə nümayiş etdirməlidir» bəyanatı müəmmalıdır və konkret heç nə ifadə eləmir: «O da hamıya bəllidir ki, həmin seçkilərdə YAP-ın namizədi olacaq cənab İlham Əliyevin qələbəsi tam şəkildə təmin edilə biləcək. Amma həmin dövrə qədər seçki sistemi ilə bağlı fikir söyləmək yersizdir. O vaxta qədər həm Seçki Məcəlləsi, həm də digər məsələlər üzərində iş gedəcək və demokratiya qorunub saxlanılacaq».


AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel isə «Azadlıq» radiosuna bildirib ki, onlar məruzədə yalnız prezident seçkilərini yox, bütövlükdə Azərbaycanda keçirilən seçkiləri nəzərdə tutublar. Məruzəçilərin vurğuladıqları əsas məqam isə seçki komissiyalarının tərkibinin bərabər əsaslarla formalaşdırılmasıdır: «Azərbaycanda bu addımı atmaq bəzən çox gecdir, bəzən də çox tezdir. Nədənsə, Azərbaycanda bu məntiqli və siyasi tövsiyəni qəbul etmək istəmirlər ki, seçki komissiyaları bərabər əsaslarla formalaşmalıdır».


Cənab Herkel deyir ki, parlament seçkiləri ilə bağlı AŞPA-nın müzakirələri başa çatmayııb. Onun sözlərinə görə, onlar hazırladıqları məruzədə də Azərbaycanda keçirilən bütün seçkilər məsələsinə toxunublar.


AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin hazırladıqları məruzə qurumun iyunun 26-dan 30-dək keçiriləcək yay sessiyasının müzakirəsinə çıxarılacaq. AŞPA Monitorinq Komitəsi Azərbaycandakı prosesləri izləyəcək və 2007-ci il yaz sessiyasına Azərbaycanın öhdəliklərini yerinə yetirməsinə dair geniş hesabat təqdim edəcək. Həmin sənəddə seçki islahatları yenidən gündəmə gətiriləcək.


XS
SM
MD
LG