Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:12

«Danışıqlar davam etdirilmiş kimi görünsə də, əslində çoxdan dayandırılıb»


Politoloq Vəfa Quluzadə
Politoloq Vəfa Quluzadə

Qarabağ münaqişəsinin sülh yolu tənzimlənməsinə dair sülh danışıqlarının gedişi barədə rəsmi səviyyədə ictimaiyyətə az məlumat verilir. Elə buna görədir ki, həmsədrlər iyulun 3-də verdikləri bəyanatlarında tərəfləri «spekulyasiyadan» çəkindirmək üçün təkliflərinin mahiyyətini bir daha xatırladıblar.


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, amerikalı həmsədr Mətyu Brayzanın açıqlamasından sonra başa düşüb ki, Praqa danışıqları heç də Azərbaycan ictimaiyyətinə izah olunduğu kimi getmirmiş. «Bizə izah edirdilər ki, söhbət mərhələli həldən gedir. Amma «çərçivə sazişi» paket həllə daha çox oxşayır. Azərbaycan bir çox məsələlərə öncədən razılıq verir».


Bəzi politolqlarsa rəsmilərin söylədikləri ilə həmsədrlərin dedikləri arasında ciddi fərq görmür.


Sabiq dövlət müşaviri Vəfa Quluzadəyə görə, isə prezidentin Dağlıq Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov «heç bir çərçivə sazişi yoxdur» deyəndə haqlıdır: «Diplomatik qaydalara görə, hər şey razılaşdırılmayıbsa, deməli ümumiyyətlə, heç nə razılaşdırılmayıb».


Siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, bu mübahisədə həmsədrlərin haqlı olduğu məqamlar da var: «Mətyu Brayza o baxımdan haqlıdır ki, həmsədrlər təkliflərini tərəflərə təqdim ediblər. Və bu sənədin razılaşdırılması prosesi gedir».


Həmsədrlər dəfələrlə bəyan ediblər ki, 2006-cı ildə nə Azərbaycanda nə də Ermənistanda seçki olmadığından münaqişənin həll perspektivləri daha realdır. Amma hələlik danışıqların gedişindən nəzərəçarpacaq nəticə görünmür. Rauf Mirqədirov düşünür ki, tərəflər hər hansı saziş imzalamaqdan imtina etdiyi halda onlara beynəlxalq təzyiqlər də güclənə bilər. Onun fikrincə, «çərçivə sazişi»nin əsas maddələrinin açıqlanmasının özü də məhz təzyiq kimi qiymətləndirilə bilər.


Vəfa Quluzadəyə görəsə, həmsədrlər və ya beynəlxalq ekspertlər münaqişənin dondurulması ilə tərəflərə hədə-qorxu gəlirlər. Əslindəsə, münaqişə artıq dondurulub. Fakt odur ki, ən azı növbəti on ildə də Azərbaycan torpaqları işğal altında qalacaq. Danışıqlar isə davam etdirilmiş kimi görünsə də, əslində çoxdan dayandırılıb. «Bu danışıq deyil. Danışıq gündəlik əsasında və ya prinsip əsasında gedə bilər. Heç bir prinsip, heç bir gündəlik yoxdur…»


Bir müddət əvvəl prezident İlham Əliyev çıxışlarının birində Azərbaycanın seçim qarşısında qaldığını bildirmişdi. O, ya Azərbaycanın sülh sazişi imzalayıb, güzəştə getməli olduğunu, ya da zaman qazanıb, ölkə güclənəndən sonra daha üstün və sərfəli şərtlərlə danışıqları davam etdirməyi bildirmişdi. Ancaq ekspertlərin dediyi kimi doğrudan da, həmsədrlər danışıqları sürətləndirmək məqsədilə «çərçivə sazişi»nin prinsiplərini açıqlamaqla cəmiyyətin mövqeyini öyrənmək istəyirlərsə, cavab reaksiya özünü gözlətmədi. Rauf Mirqədirova görə, rəsmilər buna çevik cavab versə də, cəmiyyətin münasibəti süst oldu. Müxalifət, ictimai qurumlar susmağa və ya qısa bəyanatla kifayətlənməyə üstünlük verdilər, bir neçə il öncə olduğu kimi rəsmilərdən problemlərə aydınlıq gətirilməsi tələbilə kütləvi aksiyalara əl atmadılar. Vəfa Quluzadəsə güman edir ki, bunun səbəbi illər boyu danışıqlar haqda cəmiyyətə düzgün məlumat verilməməsidir, ona görə də etinasızlıq yaranıb.


XS
SM
MD
LG