Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:20

«İstəməzdik ki, Azərbaycan QHT məsələsində Belarusun yolunu getsin»


Norveçin Helsinki Komitəsinin sədri Berit Linderman
Norveçin Helsinki Komitəsinin sədri Berit Linderman
Norveçin Helsinki Komitəsi Azərbaycanda indiyəcən qaçqın və məcburi köçkünlərlə bağlı layihə həyata keçirib, seçkiləri müşahidə edib, pozuntular haqda kəskin mövqe bildirib. Təşkilatın sədri Berit Linderman «Azadlıq» radiosuna müsahibəsində narahatlığını bildirir ki, Azərbaycanda QHT-lər haqda qanuna təklif edilən dəyişikliklər həm xarici, həm də yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətinə maneələr yarada bilər:

- Biz xarici qeyri-hökumət təşkilatının hansısa ölkədə işləyərkən qeydiyyatdan keçməsinin vacibliyini qəbul edirik. Onunla da razıyıq ki, hər bir xarici QHT-nin fəaliyyəti açıq olmalıdır. Elə bizim ölkəmizdə - Norveçdə də bu belədir. Amma xarici qeyri-hökumət təşkilatının fəaliyyətinə icazə üçün dövlətlərarası müqavilənin tələb olunması - dünyada geniş yayılan bir praktika deyil. Bu məqam bizdə narahatlıq doğurur. Çünki axır illərdə Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti üzərində nəzarəti ələ keçirmək yönündə addımlarını müşahidə edirik. İndiyəcən Azərbaycanda QHT-lərin qeydiyyatı ilə bağlı yaranan problemlər - bu yeni qanun layihəsi ilə bağlı narahatlıqlarımızı daha da artırır.

- Əgər bu dəyişikliklər qəbul edilərsə, Azərbaycanda nəylə nəticələnə bilər?

- QHT-lər haqda qanuna təklif edilən bəzi dəyişikliklərdə qeyri-hökumət sektorunun fəaliyyətinə nəzarət etmək məqsədi müşahidə etmək olar. Özü də bu təkcə xarici QHT-lərlə bağlı deyil, daha çox narahatlıq doğuran yerli QHT-lərə aid qadağalardır. Biz bilirik ki, Azərbaycandakı bəzi müstəqil qeyri-hökumət qurumları xarici yardımdan asılıdırlar. Bu dəyişikliklər onların işini çətinləşdirərdi. Bundan başqa, təklif olunur ki, ümumrespublika qeydiyyatı olan QHT-lər rayonlarda da ofislər yaratsın. Bizdə belə bir qorxu var ki, bu dəyişikliklər müstəqil QHT-lərə qarşı inzibati orqanların daha geniş təzyiqlərinə şərait yaradacaq.

- Maliyyəsinin 50 faizdən çoxunu xaricdən alan QHT-lərə aid qadağalar necə, dünya ölkələrində geniş yayılıbmı?

- Yox, məsələn, Avropada bu geniş yayılmış təcrübə deyil. Əlbəttə, onların da fəaliyyəti digər QHT-lər kimi şəffaf olmalıdır, hardan maliyyələşdikləri bilinməli, illik hesabatları olmalıdır. Amma bu məsələdə hökuməti ancaq vergilərin ödənməsi maraqlandırır. Əgər vergini verirsənsə, sənin pulu hardan almağının fərqi yoxdur. Demokratik ölkələrdə dövlətin belə informasiyaya ehtiyacı yoxdur.

- Yerli QHT-lərin qeydiyyatsiz fəaliyyətinə imkan verilməməsi təklifi haqda nə deyərdiniz?

- Əgər QHT olaraq sizin gəliriniz və işçiləriniz varsa, qeydiyyat vacibdir. Bu, normaldır. Sırf vergi ödənməsi baxımından. Digər tərəfdən əgər bir qrup adam toplaşıb könüllü olaraq məvacibsiz iş görürsə, bu halda onların qeydiyyatsız fəaliyyəti də normaldır. Amma burda bir məqam var. Azərbaycanda vəziyyət fərqlidir. QHT-lərin qeydiyyatı bəzən 1 il, bəzən ondan da artıq çəkir. Bir müddət qabaq nüfuzlu QHT-lərdən birinin - Seçki Monitorinq Mərkəzinin qeydiyyatı aydın olmayan səbəblərdən ləğv edildi. Azərbaycan Avropa Şurasına qoşulanda öhdəliklərindən biri də QHT-lərin qeydiyyatını sadələşdirmək idi, bir neçə il bu prosesdə müsbət dəyişikliklər oldu, amma indi Azərbaycan geriləyir. Biz arzulamazdıq ki, Azərbaycan hökuməti özünün QHT-lərə qadağalar qoyan Belarus, Rusiya, Orta Asiya ölkələri ilə müqayisə olunmasını istəsin. Bunlar yanlış yöndə gedən ölkələrdir.
XS
SM
MD
LG