Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:59

«Oğluma işgəncə verə-verə öldürüblər»


Azərbaycanda işgəncələrin olmasını hökumət nümayəndələri inkar etsələr də, hüquq-müdafiəçiləri işgəncələrin azalmadığını, əksinə artdığını bildirirlər
Azərbaycanda işgəncələrin olmasını hökumət nümayəndələri inkar etsələr də, hüquq-müdafiəçiləri işgəncələrin azalmadığını, əksinə artdığını bildirirlər
«DUBİNKA»YLA MƏDƏMİN ÜSTÜNƏ, BAŞIMA, KÜRƏYİMƏ VURURDULAR»

«Gecə saat 12-yə qalmış polis bizi apardı, orda bizi «dubinka»yla döyürdülər. Məni iki nəfər döydü. «Dubinka»yla mədəmin üstünə, başıma, kürəyimə vururdular, çox yerə şikayət eləmişik...»

Bakı sakini Aygün Rəhimova belə deyir. O bildirir ki, bu ilin yanvarında bacısı Solmaz Rəhimovanı ölüm işinə görə həbs ediblər. Onu da bu işlə bağlı polis bölməsinə aparıb işgəncə veriblər. Oradan canını qurtarandan sonra isə bu haqda güc strukturların şikayət etsə də, şikayəti cavabsız qalıb.

Azərbaycanda işgəncələrin olmasını hökumət nümayəndələri inkar etsələr də, hüquq-müdafiəçiləri işgəncələrin azalmadığını, əksinə artdığını bildirirlər. Həm yerli, həm də beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında işgəncə nəticəsində ölüm hallarının olması da bildirilir.

«OĞLUM POLiS ŞÖBƏSİNDƏ ALDIĞI İŞGƏNCƏLƏRDƏN ÖLÜB»

Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Elbəyi Süleymanov isə deyir ki, narkotik qaçaqmalçılığında ittiham oluna 24 yaşlı oğlu Vaqif Süleymanov polis şöbəsindəki işgəncədən ölüb:

«2009-cu il yanvarın 14-də gecə saat 11-12 radələrində Biləsuvar rayon polis şöbəsinin əməliyyatçıları evimə hücum elədilər. Oğlum Vaqif Süleymanovu yerindən qaldırıb apardılar. Ayın 15-də AzTV ondan müsahibə alıb. Ayın 18-də bizə məlumat çatdı ki, xəstəxanada ağır vəziyyətdədir. Ayın 18-dən 25-nə qədər müraciət etsək də, bizi xəstəxanaya buraxmadılar».

E.Süleymanov deyir ki, oğlu Vaqif polis şöbəsində aldığı işgəncələrdən ölüb, meyiti ekspertizadan keçirməyə isə imkan verməyiblər:

«Döyə-döyə sağ qolunu biləkdən sındırıblar, başı da sağ tərəfdən partlamışdı. Küt alətlə, yoxsa nəylə vurmuşdular, bilmirəm. Ayın 18-dən 25-nə kimi bizi xəstəxanaya buraxmadılar ki, sizin oğlunuz cinayətkardır. Məhkəmə onun haqqında hələ şübhəli şəxs kimi həbs-qətimkan tədbiri seçmişdi, yəni o hələ cinayətkar deyildi. Bəlkə məhkəmə onun əməlini sübuta yetirməyəcəkdi. Lap cinayət eləmişdi, onda bütün narkotik maddə alverçilərini işgəncə verə-verə öldürməlidirlər? Əgər cinayətkardırsa, cəzası var, ömürlük cəza ver. Niyə işgəncə verib öldürürsən».

«İNSAN ÖLÜB, DEYİRLƏR SÜBUTUN VAR?»

E.Süleymanov deyir ki, ona oğlunun narkotikdən əziyyət çəkib komaya düşdüyünü, bunun nəticəsində öldüyünü bildiriblər. O isə şikayətlərini davam etdirir:

«Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə şikayət etdik. Cavab gəldi ki, oğlunuza İrandan 35 kilo narkotik maddə gətirən vaxtı cinayət işi açılıb. Həmin vaxt da narkotikdən əziyyət çəkib, guya ki, xəstə, vərəm olub. Mənim oğlumu polisə aparana qədər bir dəfə də olsun öskürməyib, nə də başqa xəstəliyi olmayıb. Nə səbəbə narkoman mənim evimdə ölmədi, getdi polis şöbəsində öldü. Deyirlər, sübut elə. İnsan ölüb, deyirlər sübutun var? Bu dəqiqə də şikayət yazmaqla məşğulam».

DİN-in SÖZÇÜSÜ: «İŞGƏNCƏ VERMƏYƏ NƏ EHTİYAC VAR Kİ?»

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, onlarda son vaxtlar kiməsə işgəncə verilməsiylə bağlı məlumat yoxdur:

«İşgəncə verməyə nə ehtiyac var ki?»

O ki qaldı Aygün Rəhimovayla Elbəyi Süleymanovun haqqında danışdığı işgəncə hallarına və onlar verilən cavaba, Ehsan Zahidov deyir:

«Rəsmi nə cavab verilibsə, cavab odur. Yəqin ki, araşdırmanın nəticəsini deyiblər».

«BİZ ÖZ GÖZÜMÜZLƏ XƏSARƏTLƏRİ GÖRÜRÜK, ÜZÜMÜZƏ GÜLÜB DEYİRLƏR Kİ, FAKT TƏSDİQİNİ TAPMADI»

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovsa deyir ki, bu ilin birinci yarısında güc strukturlarında işgəncədən 2 nəfər ölüb, 50-dən çox adamsa işgəncəyə məruz qalıb. Ancaq o da işgəncəylə bağlı güc strukturlarından eyni cavabı alır:

«Müraciət edirəm, yazırlar ki, fakt təsdiqini tapmadı. Hələ bir dəfə də olsun eşitməmişəm ki, müraciətimizlə bağlı desinlər ki, təsdiqini tapdı. Biz öz gözümüzlə xəsarətləri görürük, üzümüzə gülüb deyirlər ki, fakt təsdiqini tapmadı. Onlar dediklərində qalsınlar, biz də deyirik ki, işgəncə var».

«AZƏRBAYCANDA BU CÜR ŞİKAYƏTLƏR ARAŞDIRILMIR»

Hüquqşünaslarsa deyirlər ki, işgəncə faktlarının hüquqi qiymətinin tapmamasının əsas səbəblərindən biri güc strukturlarının, məhkəmələrin faktları araşdırmaqda maraqlı olmamasıdır. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev:

«Adam şikayət edib deyir ki, həbsdə məni döyüblər. Azərbaycan məhkəmələri isə deyir ki, səni döydüklərini sübut elə. Avropa Məhkəməsi, ümumiyyətlə, dünyada isə buna yanaşma fərqlidir. Əgər kiminsə işgəncəyə məruz qalması haqqında şikayət daxil olursa, bu halda sübutetmə yükü keçir dövlətin üzərinə. Dövlət ciddi araşdırma aparıb izahatlarla, faktlarla, ekspertiza rəyləri, ifadələrlə bunu və ya əksini sübut edir. Azərbaycanda isə bu cür şikayətlər araşdırılmır, sübutetmə yükü adamın üstünə qoyulur».

Azərbaycanda işgəncələrin olması, bununla bağlı cinayətlərin cəzasız qalması beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır.
XS
SM
MD
LG