Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:15

«Məqsəd bizim təşkilatın fəaliyyətini iflic etməkdir»


Emin Hüseynov
Emin Hüseynov
«Məqsəd bizim təşkilatın fəaliyyətini iflic etməkdir. Görünür bizim fəaliyyət yuxarılarda kiminsə xoşuna gəlmir. Elə ona görə də müxtəlif bəhanəylə bizi qapatmaq istəyirlər».

Bu hazırda Rumıniyada səfərdə olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun fikirləridir.

BUNUN ARXASINDA SİYASİ MOTİVLƏR DAYANIR?


Oktyabrın 29-da Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşları bu institutun ofisinə gələrək təşkilatın fəaliyyəti ilə maraqlanıblar. Oktyabrın 30-u institutun yaydığı bəyanatda deyilir ki, onlara göndərilən məktubda ümumi fəaliyyətlə tanışlıqdan söhbət getsə də, Ədliyyə Nazirliyinin əməkdaşları özlərini yoxlamadakı kimi aparıblar. Ünvan, təsisçilər, sənədlərin qanuniliyi, qrantların xərclənmə istiqamətləri və maliyyə fəaliyyəti ilə bağlı suallar veriblər.

Ancaq institutun əməkdaşları da rəhbərləri Emin Hüseynovun xaricdə olduğunu qeyd edərək bu suallara yetərli cavab verə bilməyəcəklərini söyləyiblər. Bəyanatda həmçinin qeyd edilir ki, xəbərdarlıqdan cəmi bir saat sonra yoxlamalara başlaması, bu işin arxasında siyasi motivlərin dayandığı narahatlığını yaradır.

SEÇKİLƏR ÖNCƏSİ MÜSTƏQİL İNSTİTUTLARI SUSDURURLAR?

Emin Hüseynov isə deyir ki, qarşıdan bələdiyyə və parlament seçkiləri gəldiyindən hakimiyyətin siyasi məqsədlərini anlamaq çətin olmur. O yada salır ki, Seçki Monitorinq Mərkəzinin qeydiyyatı da məhz prezident seçkiləri ərəfəsində ləğv edilmişdi:

Azay Quliyev
«Seçkilər yaxınlaşdıqca onlar bizim tip təşkilatlarla müxtəlif yollarla haqq-hesab çəkəcəklər. Fəaliyyəti qapatmaqdan tutmuş başqa üsullara əl atmaqla…»

Ancaq Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini Mehman Sultanov «Media forum» saytına müsahibəsində RATİ-də yoxlama aparıldığı haqda deyilənləri təkzib edib. Mehman Sultanov qeyd edib ki, onlar əsasnaməyə görə QHT-lərin fəaliyyətinə nəzarət etmək funksiyasına malikdirlər. Onların əməkdaşları da bu əsasnaməyə uyğun olaraq həmin təşkilata ezam edilsələr də, heç bir sənədlə tanış ola bilməyiblər.

RATİ-dən isə bildirilir ki, rəhbərlik xaricdən qayıtdıqdan sonra Ədliyyə Nazirliyinin istənilən yoxlamalarına hazırdırlar.

NARAHATLIĞA ƏSAS VARMI?

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də deyir ki, əgər bu institutun fəaliyyətində qanunsuzluq yoxdursa onların narahat olmasına ehtiyac yoxdur:

«Yox əgər onların fəaliyyətində qanunsuzluqlara yol verilibsə onda əndişə başa düşüləndir. Burda iki prinsip qorunmalıdır. Birincisi QHT-lərin fəaliyyətinə şəraitin yaradılması, ikincisi isə onların məsuliyyəti».

Mehman Əliyev
Azay Quliyev deyir ki, əgər QHT-lər özləri şəffaflığa əməl etmirlərsə onların kimdənsə şəffaflıq tələb etməsi doğru olmaz.

RATİ NƏDƏN İSTİSNA TƏŞKİL EDİR?


«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev isə deyir ki, son bir ildə hər hansı jurnalist təşkilatında yoxlama aparılmayıb. RATİ-nin birdən-birə yada düşməsi onlarda ciddi şübhələr doğurur:

«RATİ yeganə jurnalist təşkilatıdır ki, harada söz azadlığı, insan haqları pozulursa onu qeydiyyata alır. Yəni söz azadlığının, insan haqlarının pozulduğu hər yerdə RATİ var. Demək belə təşkilatın varlığını istəmirlər…»

Üstəlik Mehman Əliyev yada salır ki, Azərbaycanda QHT-lərin qeydiyyatında çox ciddi problemlər mövcuddur. Həm qeydiyyata, həm də fəaliyyətə yaradılan məhdudiyyətlər vətəndaş cəmiyyətinə yaxşı olmayan münasibətin göstəricisidir…
XS
SM
MD
LG