Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

«Əhməd Cavadın quyruqlarına mübarizə açılmalıdır»


«Gənc İşçi» qəzeti, 12 noyabr 1929–cu il
«Gənc İşçi» qəzeti, 12 noyabr 1929–cu il
«Gənc işçi» qəzetinin 1929–cu il 12 noyabr tarixli sayında Əhməd Cavad haqqında məqalə yer alır. Məqaləni Əjdər Süleymanzadə, Qüdrət Qafarzadə, Ə.Sadıqzadə və Akif Kazım hazırlayıb.

«Əhməd Cavadın quyruqlarına mübarizə açılmalıdır»

Şair Cavadın şura ictimaiyyətindən gizlətdiyi «Yeni Kafkazya» və «İstiklal» məcmuələrini dərc etməklə İstanbul sokaklarını dolaşan ac siyasi mühacirlər bir daha təsəlli almış oldular. Zahirdə özünü şura əfqar Ümumiyyəsinə tərəfdar qələmə verib, gizlində isə Cavadın fikirlərini həyata tətbiq edən və onun göz yaşlarını davam etdirməyə çalışanlar yox deyildir. Fəqət biz zəhmətkeş dünyasının sosializm quruluşunda aktiv iştirak edən gənclər nəinki Cavadın hərəkətinə qəti protesto etməli, hətta onun quyruqları ilə də mübarizə aparmalıyıq.

Cavad:

Tövbə, əttövbə xəta rahına getdiklərimə
Bilib etdiklərimə, bilməyib etdiklərimə

deməklə, özünü safa çıxarmağa çalışır və öz siyasi–sinfi düşmənliyini etiraf edir.

Əcəba Cavadın şagirdi olan Müşfiq də bunu etiraf edirmi?

25 – ci ildə Həbib Cəbiyevin rəhbərliyi altında «Kommunist» qəzeti yanında təşkil olunmuş «Qızıl qələm» cəmiyyətini dağıtmağa çalışan Müşfiq və Rahim kimilər uzun mübarizəmizdən sonra bizə yaxın gəldilərsə yenə də gizlində əsas inqilabi şeir yazmaqdan özlərini ala bilmədilər.

«Məmləkətimizi kölgəliklərə bənzədən Müşfiq»

Müşfiqin:

Mən sərsəri bir rüzgar,
Ellər mənə olmuş yar...
Hala yenə matəm var (?!)
Mən ağladığım yerdə.


deyə, divar qəzetində yazdığını və Sabir kitabxanasının yanındakı «Qızıl qələm»lə mübarizə qrupunun fəal bir üzvü olduğunu gözəlcəsinə bilirik. Buna görə idi ki, həmin qrup yaşaya bilmədi.

Bu saat qarşımızda Müşfiqin «Kölgəliklərdə» adlı bir parçası durur. Bu Cavadın «Göy göl»ündən heç də geri qalmayan parçadır:

Gəzərək kuytu qaranlıqları buldum bu gecə,
Yenə min dərd ilə axşamları sızlar gözəlim.
Sırma qaqilləri gördükcə vuruldum bu gecə
«Yaslı» aylar gibi hicranına ağlar gözəlim.

Məmləkətimizi kölgəliklərə bənzədən Müşfiq axşamları da sızlar bulunmasında şübhəsiz ki, yeni quruluşun əleyhinə çıxış yapır.

Oktyabr inqilabı günündə bu parçanı yazan Müşfiqin imza əvəzinə «Yel döyən oğlu Səbayıl» imzası qoyması da aydın edir ki, o cəzasız buraxılmamalıdır.

«Komsomolçu yazıçıya əsla yaraşmaz»

Rahimin də son vaxtlar çətinliklərdən düşkünləşərək «İrmaklar»da:

Qan ağlar torpağı, seli irmağım
İtirmiş böyük bir eli irmağım.

deməsi bir komsomolçu yazıçıya əsla yaramaz.

Ümumiyyətlə bu iki adam Cavadın quyruqlarından ən görkəmliləridir. Lakin indiyə kimi bunlar cəmiyyətdə qalıb, maska altında proletar yazıçısı adını daşıyır və o, hörmətli adı ləkələyirlər.

«Gənc İşçi» qəzeti, 12 noyabr 1929–cu il
XS
SM
MD
LG