Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:33

Arif Yunus: «Müharibə olsa, İran bizə zərbələr endirəcək»


Arif Yunus
Arif Yunus
Azərbaycanın Müdafiə naziri Səfər Əbiyev Tehranda keçirdiyi mətbuat konfransında bəyan edib ki, heç bir ölkə Azərbaycan ərazisindən İrana qarşı istifadə edə bilməz. Müdafiə naziri bunun Azərbaycanın birmənalı mövqeyi olduğunu da vurğulayıb.

Müdafiə nazirinin bu bəyanatına, həmçinin İran və Azərbaycanla bağlı digər suallarımıza konfliktoloq Arif Yunusun münasibətini təqdim edirik.

AZƏRBAYCAN BƏYANAT VERİR Kİ...

- Arif bəy, Sizin fikrinizcə, Səfər Əbiyev bu bəyanatı sadəcə İranda olduğu üçün verir yoxsa bu, bir həqiqətdir?

- Son vaxtlar BMT regionda böyük bir diplomatik iş aparır. Yəni, ABŞ İsrailə təzyiq edir ki, hələlik İrana qarşı nə planı varsa, bir müddət dayandırsın. Çünki İsrail son vaxtlar bu məsələdə çox fəallaşıb və İranı vuracağı barədə də bəyanatlar verir. İranda da bunu bilirlər. Digər tərəfdən də Azərbaycanla bağlı ortaya bir sıra məsələlər çıxır. Guya İsrail burada hansısa baza yerləşdirir, yaxud Azərbaycan öz ərazisini bu məsələ üçün ABŞ və İsrailin istifadəsinə verir və s. İran da bundan narahatdır.

İran martın 7-də Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşündə bəyan edib ki, onun nüvə proqramı yalnız və yalnız dinc məqsədlər üçündür.

Eyni zamanda İran faktiki olaraq öz nüvə proqramı ilə bağlı nə varsa, MAQATE-nin yoxlamasına razılıq verib.

Azərbaycanın da Müdafiə naziri Tehranda ölkə ərazisindən İrana qarşı istifadəyə yol verilməyəcəyini bəyan edib ki, İran narahat olmasın.

AZƏRBAYCANIN MÖVQEYİ DƏYİŞƏCƏK
İran yeni raketini sınaqdan keçirir, 16 dekabr 2009
İran yeni raketini sınaqdan keçirir, 16 dekabr 2009

- Regionda yarana biləcək fərqli vəziyyət Azərbaycanın öz mövqeyinin dəyişilməsinə səbəb ola bilərmi?

- Əlbəttə, dəyişilə bilər. Çünki bu proses yalnız iki dövlətə - İrana və Azərbaycana bağlı deyil. Burada ilk növbədə söhbət İran və Qərb ölkələrinin münasibətlərindən gedir. Regional münasibətlər dəyişsə, deyək ki, hərb variantı reallaşsa, onda biz istəsək də, istəməsək də, Azərbaycanın mövqeyi dəyişəcək.

- Azərbaycanın mövqeyi hansı istiqamətə dəyişər Sizcə?

- Müharibə baş versə, bu, pis hal olacaq. Biz müharibədə iştirak etməyəcəyik. Amma bu müharibə bizə təsir edəcək. Qaçqınlar gələcək Azərbaycana və sair. Nəticədə Azərbaycanda sabitlik pozulacaq.

- Bu halda Azərbaycan neytral qala biləcək, ya kiminsə tərəfini tutmağa məcbur olacaq?

İSTƏSƏ DƏ NEYTRAL QALA BİLMƏZ

- Azərbaycan buna məcbur olacaq. İstəsə də neytral qala bilməz. Əslində Azərbaycan bu gün də neytral deyil. İran bir sıra məsələlərlə bağlı narazılıq ifadə edən bəyanatlar verirsə, deməli, biz artıq neytral deyilik.

- Kimin tərəfində olacaq Azərbaycan o zaman?

- Heç şübhəsiz ki, anti-İran koalisiyasının tərəfində.

- Nə verəcək bu Azərbaycana?

Tehranda hərbi parad, 22 sebtyabr 2011
Tehranda hərbi parad, 22 sebtyabr 2011
MÜHARİBƏ OLSA, BİZ ÇOX UDUZACAĞIQ

- Birmənalı cavab üçün çətin sualdır. Çünki Azərbaycan kiçik ölkədir. Hesab etmirəm ki, Azərbaycan bundan nəsə qazanacaq. Müharibə variantı olsa, biz çox şey uduzacağıq. İran bizə zərbələr endirəcək. Qərbin buradakı neft yataqları, hərbi strukturları olarsa, onlar vurulacaq. Ümumiyyətlə, İran hesab edəcək ki, Azərbaycan ona qarşı koalisiyadadır. Deməli, yalnız koalisiyaya qarşı yox, bizə qarşı da zərbələr olacaq.

- Qərb Azərbaycanı qoruya bilməz o zaman?

- Qərb qorumağa çalışsa da, İran öz işini görəcək. Yəni, biz faktiki olaraq bu münaqişədə istəməsək də iştirak edəcəyik.

- Sizcə, müharibə olacaq?

- Yox. Mən inanmıram. Onlar İranı qorxuzurlar. Amma müharibə etməyəcəklər. Qərbin məqsədi məsələni diplomatik yolla həll etməkdir.
XS
SM
MD
LG