Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:43

İldə 50 manat verib evini sığortala, 25 min manat al


Bakıda yanğın. Foto: Arxiv
Bakıda yanğın. Foto: Arxiv
-
- Çay verən də, peçenye verən də sağ olsun. Evimi versinlər mənə!

- Zərərimiz ödənsin. Bizə heç nə lazım deyil. Evlə təmin etsinlər.

İki il öncə Kür daşanda, evsiz-eşiksiz qalan adi vətəndaşların dövlətdən tələbi, istəyi idi bu. Bu tələblə dəfələrlə etiraz aksiyaları keçirildi, bu aksiyalarda fəallığına görə həbs olunanlar oldu...

Rəsmilərsə vətəndaşları günahlandırırdılar ki, evlərini ya pis tikiblər, ya da sığorta etdirməyiblər. Dövlət bu fəlakətin nəticələrini aradan qaldırmaq üçün 250 milyon manatdan çox pul xərclədiyini bildirir: 5 yeni qəsəbə salınıb və 3 mindən artıq ev tikilib.

Elə bu cür təbii fəlakətlərdən sonra dövlət bir addım da atdı: «Daşınmaz əmlakın icbari sığortalanması haqqında» qanun qəbul etdi.

Artıq 1 ildir qanun qüvvəyə minib. Bəs vətəndaş necə, evini sığortalatmağa tələsirmi? Ötən illərdə baş verənlərdən nəticə çıxarıb, hər hansı təbii fəlakətdən və ya bədbəxt hadisədən evini qorumaq üçün sığorta şirkətlərinin qapısını döyürmü?

Söhbət etdiyim iki sığorta şirkətinin dediyinə görə, yox, ev-eşik sahibləri nadir hallarda bu addımı atırlar. Qanun icbari olsa da.

SIĞORTA ŞİRKƏTİ: «NƏZARƏT OLUNMUR DEYƏ, ƏMLAKINI SIĞORTA ETDİRƏNLƏR TƏK-TÜKDÜR»

AXA MBASK sığorta şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin müdir müavini Rəşid Rəsulov deyir ki, yarım ildə 1212 evi sığortalayıblar.

- Bu rəqəm yaxşıdır, pisdir?

- Keçən ilə baxanda artım var. O da qanunla bağlıdır. Burda stimul lazımdır. Avtomobil sığortasında artım daha çoxdur. Çünki Yol Polisi ona nəzarət edir. İcbaridir deyə, kim sığorta etdirməsə, maşın sürə bilməz. Əmlakda isə belə şey yoxdur.

- Amma evini sığortalatmayanlar 10 manat cərimə olunurlar.

Dəyən zərərin həcmi 25 min manatdan artıq olanda, əlavə kompensasiya dövlət tərəfindən ödənilməlidir
Dəyən zərərin həcmi 25 min manatdan artıq olanda, əlavə kompensasiya dövlət tərəfindən ödənilməlidir
​- Bəli. Ancaq buna ciddi kontrol yoxdur. Nəzarətdə saxlanılmır deyə, əmlakını sığorta etdirənlər tək-tükdür.

Bəs səbəb nədir? Bu sualla üz tutduq Bakı sakinlərinə.

10 MANATLIQ CƏRİMƏ ÖDƏMƏLİSƏN

Gülnar Əliyeva da bir çox müsahiblərimiz kimi deyir ki, evini sığortalatmayıb. Buna görə 10 manat cərimə olunacağından da xəbərsizdir.

- Xəbərsizəm. İndi-indi bu məsələ qalxır.

- Amma bilirsizmi ki, evinizi su bassa, qaz partlasa, təbii fəlakət olsa, sizə sığorta ödəməlidirlər?

- Elədirsə, sığorta etdirərəm. Həyatda hər şey gözlənir.

«İLDƏ 50 MANAT ÇOXDUR»

Rafiq Əzimov:

- Yəqin sığorta etdirmək lazımdır. Amma sığorta var, sığorta var da... Gedib maşını illik sığorta etdirirsən. Ümid yoxdur ki, Allah etməmiş, maşına bir şey olanda, onlar sığortanı ödəyəcəklər. Gedəndə o qədər sənəd istəyirlər ki, heç məşğul da olmursan. Amma yəqin əmlak üçün elə deyil, daha ciddidir. Tələb varsa, etdirmək lazımdır. Sığorta üçün cüzi məbləğ ödəyirsən, bir iş olanda da bilirsən ki, əlində sənədin var.

- İlə 50 manat ödəməlisən.

Bakı
Bakı
- İlə 50 manat? 15 manat olsa yaxşı olardı, 50 manat çoxdur. Birotaqlı ev üçün bu, çoxdur.

Rafiq Əzimov başlıca səbəb kimi sığorta şirkətlərinə etimad etmədiyini dedi. «Atəşgah» sığorta şirkətinin məsləhətlər qrupunun meneceri Orxan Qurbanovun buna cavabı:

«Ola bilər kimsə əvvəllər sığortasını ala bilməyib, ya qanunu yaxşı bilmir. Buna görə, çətinliklərimiz az olmur».

AXA MBASK sığorta şirkətinin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin müdir müavini Rəşid Rəsulov:

«Bizdə sadəcə sığorta mədəniyyəti yoxdur. Bununla bağlıdır. Bəlkə də sovet vaxtından insanlarda stereotip qalıb ki, pul ödənməyəcək. Amma biz bu yaxınlarda Zaqatalada zəlzələ olanda bir nəfərə 46 min manat ödədik. Evi zərər çəkmişdi».

ƏN ÇOX 25 MİN MANAT ÖDƏNİR

Bakı sakini Rafiq Əzimov həm də illik sığorta haqqının çox olmasından narazı qaldı.
Məlumat üçün deyək ki, illik sığorta haqqını Maliyyə Nazirliyi müəyyənləşdirib. Sığortaçı Bakıda yaşayırsa, evinin böyük-kiçikliyindən asılı olmadan ildə 50 manat ödəyir. Gəncə, Sumqayıt və ya Naxçıvanda yaşayan 40 manat, qalan bölgələrdə yaşayanlarsa 30 manat ödəyirlər.

«Atəşgah» sığorta şirkətinin məsləhətçisi Orxan Qurbanov isə deyir ki, könüllü sığorta daha bahalıdır: ildə 250-400 manat. Bu məbləği orta əməkhaqqı alan hər bir vətəndaş ödəyə bilər.
Manat
Manat
İmkansız ailələr – ünvanlı yardım alanların yerinə isə bu məbləği dövlət ödəyir.

Sığorta şirkəti Bakı şəhərində yerləşən daşınmaz əmlak üçün 25 min, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 min, yerdə qalan yaşayış məntəqələrində isə 15 min manat ödəməlidir. Daha dəqiq desək, əmlaka dəyən ziyana görə maksimum 25 min manat ödənir.

Orxan Qurbanov:

«Sığorta şirkəti 20 min manat məbləğində məsuliyyət daşıyır. Yəni, sığorta hadisəsi baş versə - yanğın oldu, su basma oldu və 30 min manat ziyan dəydisə, 25 min manat ödənəcək...»

Dəyən zərərin həcmi bu məbləğdən artıq olanda, əlavə kompensasiya dövlət tərəfindən ödənilməlidir.

Daşınmaz əmlakın icbari sığortası əmlakı yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanmadan sığortalayır. Sığortalanan hadisələrə həmçinin buxar qazanları, qaz anbarları, qaz kəmərləri, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. risklər daxildir.

SIĞORTA BAZARINDA İNHİSARÇILIQ

İqtisadçı ekspert Natiq Cəfərli isə diqqəti başqa məqama yönəldir. Onun fikrincə, bütün problem ondadır ki, Azərbaycanda sığorta bazarı da inhisarçıların əlindədir. Bu da sığorta bazarının inkişafına, azad rəqabətə mane olur.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən isə deyilənlərə münasibət öyrənə, suallarımıza cavab ala bilmədik.
XS
SM
MD
LG