Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:41

20 günün əsgəri nədən ölüb? [Fotolar]


-
Daxili Qoşunlar 20 günün əsgəri Toğrul Rüstəmlinin qan xəstəliyindən öldüyünü deyir. Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova AzadlıqRadiosuna deyir ki, həmin xəstəlik bir neçə gün ərzində ölümcül fəsadlar verir:

«HEÇ KƏS BUNDAN SIĞORTALANMAYIB»

«Dünyada sürətlə yayılan bir virusdur. Çox tez inkişaf edən xəstəlikdir, 2-3 günün içində insanı məhv edir. Müdafiə Nazirliyinin 4 əsgəri bu xəstəlikdən ölüb. Rus ordusunda bu xəstəlikdən 294 əsgər bu xəstəlikdən ölüb. Bundan heç kəs sığortalanmayıb».

Təranə Məmmədova Daxili Qoşunlarda gənc əsgərlərin hər cür diqqət və tibbi qayğıyla əhatə olunduğunu bildirir:

Məqalə fotolardan sonra davam edir...

«Biz burda ona neyləyə bilərdik? Şəhərin mərkəzində «karantin» keçirdilər. Kazarmada temperatur 18 dərəcədən bir dərəcə də aşağı olmur. Ona soyuq harada dəyə bilərdi? Yeməklərinə, geyimlərinə xüsusi fikir verirlər».

«XƏSTƏLİYİ OLUBSA, XİDMƏTƏ NECƏ GÖTÜRÜBLƏR?»

Arxiv foto
Arxiv foto
1994-cü ildə anadan olmuş Toğrul Rüstəmli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, yanvarın 28-də ölüb.

Ancaq qohumları onun qan xəstəliyindən ölməsinə inanmır. Əmisi oğlu Orxan Rüstəmli AzadlıqRadiosuna deyir ki, Toğrulun heç bir xəstəliyi olmayıb. «Xəstəliyi olubsa, xidmətə necə götürüblər?».

Orxan Rüstəmlinin sözlərinə görə, yanvarın 28-də gecə Toğrulun hospitalda olması xəbərini alıblar: «Biz ora çatanda bizimlə danışırdı. Kazarmada ona iynə vurulduğunu deyib. Təzyiqi kəskin aşağı düşmüşdü, ən çox ayaq ağrılarından şikayət edirdi».

Toğrul Rüstəmlinin ölümünə dair ekspertizanın rəyi bir həftədən sonra bilinəcək.

***

ƏSGƏR ANASI: «OĞLUM ÖZÜNÜ ÖLDÜRMƏYİB, ONU VURUBLAR»

«Guya dediklərinə görə, gizir ona təzyiq göstərib, söyüb, təpiklə vurub. Aralanıb gedəndən sonra guya oğlum özünü avtomatla vurub. Ancaq aldığım məlumata görə, oğlumu tapança ilə vurublar».

«MƏNİ VURURSAN, MƏN DƏ ÖZÜMÜ ÖLDÜRÜRƏM?»

Bunu AzadlıqRadiosuna ötən il dekabrın 9-da hərbi hissədə ölmüş 19 yaşlı əsgər Zeynal Zeynalovun anası Nazilə xanım deyir. Cəlilabad rayonunda hərbi xidmət keçən Zeynal yeddi ay əvvəl – aprelin 28-də xidmətə çağırılıbmış. Rəsmi məlumatda deyilib ki, o, tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.

Ancaq Nazilə xanım bu məlumata şübhəylə yanaşır:

«Sən məni vurursan, mən də özümü öldürürəm? Heç nəyə sığmır bu dedikləri. Ört-basdır edirlər hər şeyi».

Faktla bağlı özünüöldürmə həddinə çatdırma maddəsi üzrə istintaq gedir. Lənkəran rayon Prokurorluğundan müstəntiq Vüsal Əliyev AzadlıqRadiosuna deyir ki, istintaq sirri olduğundan əlavə informasiya verə bilməyəcək.

ÖTƏN İLİN STATİSTİKASI

Ötən il ordudakı itkilərin sayı 97 nəfər olub. Cəmi 16 nəfər döyüş itkisi sayılır. Üç nəfər minaya düşüb ölüb, biri əməliyyatda, 77 nəfər isə döyüşdənkənar şəraitdə həyatını itirib.

Azərbaycan ordusu
Azərbaycan ordusu
Bu ilin ilk əsgər ölümü yanvarın əvvəlində baş verib. Əsgər Ceyhun Qubatovun ailəsi onun işgəncə ilə öldüyünü bildirib, fotolarını yayıb. Yanvarın 12-də «Əsgər ölümünə son» etiraz aksiyası da keçirildi. Ancaq aksiyadan 3 gün sonra Nazirlər Kabinetindəki toplantıda Prezident İlham Əliyev dedi ki, orduda qüsurlar ola bilər, ancaq önəmli olan bu nöqsanlar və qüsurların vaxtında aşkarlanması və dövlətin ciddi ölçülər götürməsidir:

«Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar».

HƏRBİ PROKUROR VƏD VERİR

Prezidentin hansı ölçülərdən danışdığı aydın deyil, amma dinc şəraitdə əsgər ölümləri barədə xəbərlər bitmək bilmir. Yanvarın 28-də 20 günün əsgərinin xəstəlikdən öldüyü xəbəri yayıldı.

Hadisə yanvarın 28-də Daxili Qoşunların hospitalında qeydə alınıb. 1994-cü il doğumlu Toğrul Kamran oğlu Rüstəmli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıbmış.

İstintaqdan narazı təkcə Zeynal Zeynalovun ailəsi deyil. Ötən il hərbi xidmətdə ölmüş əsgər Elşən Novruzovun valideynləri də övladlarının ölümünün gerçək səbəbinin araşdırılmadığını deyirlər. Onlar yanvarın 29-da hərbi prokuror Xanlar Vəliyevin qəbulunda olublar.
Ələkbər Məmmədov
Ələkbər Məmmədov
Dediklərinə görə, hərbi prokuror onlara təqsirli bilinənlərin tapılıb cəzalandırılacağını vəd edib.

KİM CƏZALANIR?

«Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti» Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov deyir ki, cəzasızlıq mühitində durum dəyişməz qalacaq. O, əsgər ölümlərinin istintaqının da səthi aparıldığını deyir:

«Kim cəzalanır? Rusların bir sözü var, «стрелочник» – buyruq və cədvələ görə yolayıran, yəni yolun səmtini dəyişən. Kasıbın birini tapırlar, yıxırlar onun boynuna. Deyirlər ki, «ona tərs baxmısan, gedib özünü öldürüb». Basırlar içəri, işi malalayıb, vəziyyətdən çıxır və kreslolarını da qoruyurlar».

NİGARAN ANA

Ötən dekabrda hərbi hissədə ölmüş Zeynal Zeynalov böyük qardaşı 20 yaşlı Muradla eyni hərbi hissədə xidmət keçirmiş. Hadisə Muradın doğum günündə baş verib. Ancaq həmin vaxt o, hospitalda imiş. Bir müddət orada qalandan sonra bu gün – yanvarın 29-da Bakıdakı hərbi hissələrdən birinə gətirilib. Onunla birlikdə Bakıya gələn anası Nazilə xanım nigarandır:

«Heç bilmirəm övladımı hərbi hissədə əsgər paltarında necə qoyub gedəcəyəm? Bilmirəm hələ, heç bilmirəm...».
XS
SM
MD
LG