Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:13

Prezidentliyə iddialılara ev-ev imza toplansaydı...


Foto: Arxiv
Foto: Arxiv

-
– Xanım, prezidentliyə namizədlərin qeydiyyata alınması üçün indiyədək imza toplayanlardan sizə üz tutan olub?

– Yox.

– Bəs qonşularınıza necə?

– Görməmişəm...

AzadlıqRadiosunun üz tutduğu 5 bölgənin sakinləri, sanki öz aralarında danışıblarmış kimi, az qala, eyni cavabları səsləndirdilər. Telefon kitabçasından təsadüfi, yəni rastgələ götürülən nömrələrə zənglərdən sonra istər Qazax olsun, istərsə Salyan, Astara, Sabirabad və ya Zaqatala – dəstəyi götürən abonent ona imza üçün müraciət edilmədiyini bildirdi. Düzdür, sualı dinləyib telefonu qapayanlar, bu işlərin mənasız olduğunu deyənlər də tapıldı.

«BU İŞLƏRDƏN ƏL ÇƏKMƏSƏN, BİR DƏ EVƏ QAYITMAYACAQSAN»

Müxalifət və bəzi müstəqil namizədlərin seçki qərargahlarından ayrı-ayrı bölgələrdə imzatoplayanlara qarşı təzyiqlərin olması barədə məlumatlar gəlməkdədir. AXCP Qazax rayon təşkilatının üzvü Fəzail Əliyev Milli Şuranın vahid namizədinə imza topladığına görə hədələndiyini iddia edir. Rayonun Aşağı Əskipara kəndində yaşayan partiya üzvü AzadlıqRadiosuna deyir ki, sentyabrın 2-də onu ölümlə hədələyiblər:


«Gecə saat 2-də, tanıdığım adamlar məni avtomobilə mindirib kənddən 5-6 kilometr aralı bir yerə gətirdilər. Dedilər, sən bu hökumətdən nə istəyirsən? Bu işlərdən əl çəkməsən, bir də evə qayıtmayacaqsan».

Foto: Arxiv
Foto: Arxiv

Fəzail Əliyevin dediyinə görə, olayla bağlı polisə məktub yazsa da, bugünədək müraciətinə baxılmayıb:


«Həmin adamlar polisə yaxın adamlardır. Polis onları tanıyır. Polisdən bir xəbər olmadığına görə, bu gün (sentyabrın 5-də – M.Ç.) ərizə ilə rayon prokurorluğuna müraciət etdim».


POLİS RƏİSİNİN MÜAVİNİ: «O, POLİSƏ GƏLMƏYİ ÖZÜNƏ SIĞIŞDIRMIR»

Rayon polis şöbəsi rəisinin müavini Feyruz Babayev imza toplayanlara təzyiqləri yalanlayır və deyir ki, bu barədə məlumat gələndən sonra Fəzail Əliyevin polisə gəlib ərizə yazmasını istəyiblər, amma o bu günədək gəlməyib:


«Mən neçə dəfə zəng etdim ki, gəlsin polisə, gəlmədi. Onunla bağlı kənd sakinləri gəlmişdilər bu gün, amma o gəlməmişdi. O, polisə gəlməyi özünə sığışdırmır. Onun yazdığı şikayət məktubunu sentyabrın 5-də almışıq və artıq araşdırmağa da başlamışıq. Kamandarla Mustafa adlı 2 nəfərin adını çəkir. Qazaxda o adda yüzdən çox adam var. Deyirik, gəl, onların kim olduğunu bizə de, amma gəlmir. Halbuki polis şöbəsi onun evi ilə poçtun arasında yerləşir. O, polis şöbəsinin yanından keçib poçta məktub atıb, amma polisə gəlməyib».

Erkin Qədirli
Erkin Qədirli

İMZA TOPLAMAĞI ƏNGƏLLƏYƏN DAHA BIR SƏBƏB

REAL Siyasi Hərəkatının üzvü Erkin Qədirli «Facebook» profilində bölgələrdə imzatoplama problemini yaradan ən ciddi məsələlərdən birinin şəxsiyyət vəsiqələrinin müddətinin bitməsi olduğunu qeyd edir. Onun fikrincə, əslində, vəsiqənin müddəti nə hüquqi, nə də faktiki baxımdan əngəl sayıla bilməz.

Bölgələrdə imza toplayanların AzadlıqRadiosuna verdiyi məlumata görə, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş vətəndaşların sayı elə də az deyil. Bu fakt imza toplamaqda onlara xeyli çətinlik yaradır, axı seçki qanunvericiliyi tələb edir ki, bir nəfər yalnız bir namizədə imza versin.

SEÇKİ SUSQUNLUĞU

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı indiki vəziyyəti seçki susqunluğu sayır. Onun fikrincə, bir neçə müxalifət və müstəqil namizədi çıxmaqla, əksər namizədlərin qeydiyyatı üçün imzalar inzibati resursların köməyi ilə yığılır.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

Bəşir Süleymanlı düşünür ki, prezidentliyə iddialı olan 22 nəfərin hamısına ev-ev imza yığılsaydı, indi ölkədə seçki ilə bağlı canlanma müşahidə olunardı:


«Bu sayda namizədə yığılan imza seçicilərin təxminən 20 faizinin səsi deməkdir. Bu, az rəqəm deyil. Digər namizədlərlə bağlı şübhələr olduğu üçün vətəndaşlar imzatoplayanları görmədiklərini deyirlər. Onlar seçki barədə azməlumatlıdırlar. Bəlkə imzanı nəyə görə verdiklərini də bilməyiblər. Çünki bölgələrdən nümayəndələrimiz bizə məlumat verirlər ki, bəzi yerlərdə adamlara boş blanklara imza atdırırlar».


HƏLƏ Kİ, 22 İDDİALIDAN 3-Ü...

MSK-dan AzadlıqRadiosuna verilən və sentyabrın 5-ə olan məlumata görə, prezidentliyə iddialı 22 nəfərdən 3-ü imza vərəqələrini MSK-ya təqdim edərək namizəd kimi qeydə alınıb. Bunlar indiki prezident İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə və deputat Zahid Orucdur. Prezident seçkilərinə 34 gün qalıb.

XS
SM
MD
LG