Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:05

Yeni biznes qurmaq üçün Azərbaycanda 15 prosedur keçmək lazımdır


Dünya Bankının «Biznes etmək» hesabatına görə, Azərbaycan yeni biznes quranlara ən çox müdaxilə edən ölkələr sırasındadır
Dünya Bankının «Biznes etmək» hesabatına görə, Azərbaycan yeni biznes quranlara ən çox müdaxilə edən ölkələr sırasındadır

Yeni biznesə başlamağa, bütün qeydiyyatlardan keçməyə neçə gün lazımdır? Avstraliyada cəmi 2 gün. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının «2007-ci ildə Biznes Fəaliyyəti» adlı yeni hesabatına görə, bu, dünya rekordudur.


Dünyada bu sahədə ən pis vəziyyət isə Amerika qitəsindəki Surinamdadır. Burda yeni biznesin bütün sənədlərini qeydə aldırmağa orta hesabla 694 gün lazımdır. Yəni təxminən iki il. Müqayisə üçün Azərbaycanda buna 53 gün gedir, Ermənistanda 24, Gürcüstanda isə 16 gün.


Azərbaycanın Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bu 53 gün məsələsini belə izah edir ki, əgər sənədlərdə səhv olarsa, prosedur qaydaları qeydiyyata maksimum 53 gün vaxt qoyur, ancaq problem ondadır ki, qeydiyyat 53 gündən də çox vaxt apara bilər, hətta ola bilər ki, şirkəti heç qeydə almasınlar.


Dünya Bankının «Biznes etmək» hesabatına görə, yeni biznes quran Avstraliyada cəmi 2 prosedurdan keçir, Azərbaycan isə, dövlətin bu işə ən çox müdaxilə etdiyi ölkələr sırasındadır 15 prosedur.


«Yeni biznes quran Avstraliyada cəmi 2 prosedurdan keçir. Azərbaycan isə dövlətin bu işə ən çox müdaxilə etdiyi ölkələr sırasındadır-15 prosedur».

Danimarkada yeni şirkət açmağa dövlət biznesmendən heç bir pul götürmür, yəni rüsum keçirilmir. Səudiyyə Ərəbistanında isə hesabında gərək 124 min dollar ola ki, biznesə başlamağa sənə icazə verələr.


Yeni biznes açmaq işini yüngülləşdirməkdə son bir ildə dünya lideri Portuqaliyadır. Joze adlı portuqaliyalı iş adamı deyir ki, keçən il bir məmurdan şirkətin adını qoymağa icazə alırdın, möhürə icazəni gedib o biri məmurdan alırdın, sonra gərək notariusa gedəydin, daha sonra gəlirdi şirkətin qeydiyyatı, vergi agentliyi, sosial sığorta və s. İndi isə Portuqaliyada şirkət açmaq istəyən xüsusi xidmətin internet saytından qeydiyyatdan keçmiş adlardan boş olanını seçir, sonra standart qeydiyyat vərəqini doldurur, Ədliyyə Nazirliyinə göndərir. Vəssalam. Bu qeydiyyat vərəqi avtomatik olaraq vergi, sığorta qeydiyyatını da edir və standart olması həm səhvlərin qarşısını alır, həm də daha notariusa ehtiyac qalmır.


Notarius da xırda məsələ deyil. Hesabata görə, keçən ilə kimi Afrikadakı Ruandada hələ müstəmləkə dövründə Belçika kralının qoyduğu qaydalara əsasən, cəmi 1 notarius var idi, biznes qeydiyyatı üçün bu notariusa aylarla növbəyə dururdular. Keçən bu bir ildə Ruanda həmin qanunu dəyişib, indi ölkədə 33 notarius fəaliyyət göstərir.


Yeni biznes açmaq işini yüngülləşdirməkdə Portuqaliya bütün qeydiyyatları bir vərəqə yığdığı kimi, Afrikada yerləşən Burkina Faso bütün bu qeydiyyatları - vergi, sığorta və sairəni bir binaya yığıb. Biznesmen binadan çıxmadan bütün qeydiyyatlardan keçə bilər. Eyni yolla Ukrayna gedir.


Azərbaycan biznes açmağı yüngülləşdirməkdə yalnız ilkin kapital tələbi qoymamaqda dünya liderləri sırasındadır, hətta Avropa ölkələri bu tələbləri saxlayırlar, rekordçular isə ərəb ölkələridir. Suriyada hələ işə başlamamış biznesmenin hesabında 58 min dollar olmalıdır, İordaniyada 21 min dollar, Qəzza bölgəsində isə 18 min dollar. Faktiki böyük imkanı olmayan adam ərəb ölkələrində biznesə başlaya bilməz. Hərçənd bunun da yolu var - tanışlardan tələb olunan pulu borc götürüb, banka qoyurlar, pulun olması sənədini qeydiyyat idarəsinə göstərəndən sonra məbləği qaytarırlar. Ancaq bunu da hər adam edə bilmir...


XS
SM
MD
LG