Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:27

BMT: “Qadınların cinsi kölə kimi satılması halı artıb”


İraqda insan oğurluğu qurbanı olan qadınlar. 16 yanvar 2015
İraqda insan oğurluğu qurbanı olan qadınlar. 16 yanvar 2015

.

BMT-nin 2014-cü ilə dair yeni yayılan hesabatında deyilir ki, keçən il zorlanmanın, cinsi köləliyin və zorakı evliliyin artması ilə yadda qalıb. Bunun arxasında isə İslam Dövləti yaraqlıları, Nigeriyanın ekstremist Boko Haram qrupu və Əl-Qaidayə bağlı təşkilatlar dayanır.

Sənədi baş katib Ban Ki-moon aprelin 13-də açıqlayıb.

Hesabata görə, İraqda son aylar 1500-ə yaxın mülki şəxs cinsi köləliyə məcbur edilib.

Sənədə görə, terror qrupları, xüsusilə də İslam Dövləti törətdiyi zorakılıq hadisələrini son vaxtlar daha tez-tez etiraf edirlər, bu isə terroru yaymaq, etnik və dini azlıqları gözümçıxdıya salmaq, onların ideologiyasını qəbul etməyən icmaları sıxışdırmaq üçündür.

Hesabat dövründə İraqda oğurlanaraq Suriyanın İslam Dövləti yaraqlılarının nəzarətindəki ərazilərdə satılması halları da artıb.

Yüzlərlə yezidi kürd qadını İraqda oğurlayıb, Suriya bazarlarında cinsi kölə kimi satıblar.

Aprelin 14-də Boko Haram qruplaşmasının Chibokda, Nigeriyanın şimalında orta məktəbdən 276 qızı oğurlamasının bir ili tamam olur.

Boko Haram adətən oğurladığı qızları zorla ərə verir.

BMT-nin hesabatında deyilir ki, qaçırılmış qızlar ərə getməkdən və ya cinsi əlaqədən imtina etdikdə onlar zorakılığa məruz qalır, ölüm hədəsi ilə üzləşirlər.

Sənəd adam oğurluğunu 2014-cü il üçün “həyəcan təbili” adlandırır.

“Bring our girls” (“Qızlarımızı geri qaytarın”) kampaniyasından Maureen Kabrik aprelin 13-də Nigeriyanın paytaxtı Abujada qızların oğurlanmasına etiraz olaraq keçirilən səssiz etiraz aksiyada deyib:

“Elə anlar olur ki, sən ağrı içində qalırsan, dilin söz tutmur. Səninlə danışmaq istəyənlərə cavab da verə bilmirsən. Qızlarımızın oğurlanmasından bir il keçir. Sabah məlum ola bilər ki, qızlar hələ də geri qaytarılmayıb. Kədərlidir. Ağrılıdır. Biz keçən 364 gün ərzində danışmışıq, danışmışıq, danışmışıq. İndi hiss edirik ki, sükuta qərq olmağın və kədərimizi səssizcə ifadə etməyin zamanı yetişib”.

BMT-nin hesabatı əsasən qızlara və qadınlara, o cümlədən, oğlanlara və kişilərə qarşı zorlama, cinsi köləlik, məcburi fahişəlik və ya məcburi hamiləlik hallarının baş verdiyi 19 münaqişə və münaqişədən yeni çıxmış ölkəni əhatə edir.

Sənəd bu zorakılıq hallarının İraq, Suriya, Somali, Nigeriya, Mali, Liviya və Yəməndə ekstermist ideologiyalardan qaynaqlandığını deyir.

Hesabatda bildirirlir ki, İraq, Suriya və Nigeriyadakı cinsi zorakılıq strateji hədəflər, ideologiya və ekstremist qrupların maliyyələşdirilməsi ilə bağlıdır - cinsi zorakılıq radikal qruplar tərəfindən terror taktikası kimi istifadə olunur.

XS
SM
MD
LG