Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:35

“Alıcılar ancaq çörək, yağ, pendir alırlar”


-

“Neptun” supermarketlər şəbəkəsi: “Şirniyyat, balıq, ət, ət məhsullarının alışı isə azalıb.”

“ALVERİMİZ ZƏİFLƏYİB”

Bakıda istənilən marketə, məişət texnikası, zinət, geyim mağazasına girsən, satıcı belə deyəcək. Məsələn, “Texno plus” - məişət texnikası mağazasıdır. İçəridə ancaq satıcılar və menecerdir. Onlar da “Özünüz də görürsüz ki, alıcı yoxdur. Camaatda pul yoxdur, ona görə də gəlmirlər” deyirlər.

“Optimal” mağazası “Bosch”un mallarının satışıyla məşğuldur.

Burda da alıcı gözə dəymir. Mağazanın meneceri Nadya xanımın sözlərinə görə, alıcılar yay olduğu üçün əsasən kondisioner alırlar, o da tək-tükdür: “Biz mərkəzdə yerləşmirik, bəlkə bununla bağlıdır, amma mərkəzi mağazalarımızda alış-veriş zəif deyil” söyləyir.

“Kontakt Home”un Haqverdiyev küçəsində yerləşən filialından adını söyləməyən satış təmsilçisi də deyir ki, əvvəlki alver yoxdur. “Düzdür, qiyməti məcburiyyət qarşısında təxminən 20 faiz qaldırmalı olmuşuq, çox qaldırsaq, kim alar?” deyə sual edir. O, alıcıların əvvəlki kimi bahalı mobil telefon almadığını da əlavə edir. Elə “Kontakt Home”un saytında da ən çox alınanlar siyahısında birinci yerdə 20-30 manatlıq telefonlar gəlir.

“ALICILAR BALIQ, ƏT, ƏT MƏHSULLARI ALMIR”

Bu dəfə yolumuzu marketlərdən salırıq. Bəzi mallarda cüzi də olsa artım var. Məsələn, şəkər tozu bəzi mağazalarda 94 qəpiyədir, bəzilərində 87. Alıcılar bunu yay fəsliylə bağlayırlar.

Ruhəngiz Qasımova da alıcıdır. O deyir ki, əvvəllər evə daha çox bazarlıq edərmiş:

“Məsələn, iki-üç cür pendir alardım, səhər yeməyi üçün yaxşı növ zeytun alardım, sosiska, kolbasa götürərdim. Yəni uşaqlara iki-üç cür səhər yeməyi verərdim. Amma indi çeşidləri azaltmışam”.

“Neptun” Supermarketlər Şəbəkəsinin marketinq, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin Həsənli AzadlıqRadiosuna deyir ki, alver çox zəifləyib:

“Alıcılar əsasən çörək, yağ, pendir, çay, qənd, yəni daha vacib olan tələbat məhsullarını alırlar. Düzdür, burda da zəifləmə var. Amma başqa məhsulların - şirniyyat, balıq, ət, ət məhsullarının alışı çox zəifləyib. Yəni şokoladsız-şirniyyatsız yaşamaq olar, ancaq çaysız-çörəksiz yaşamaq yox”.

İlkin Həsənlinin sözlərinə görə, onlardan asılı olmadan bəzi məhsulların qiymətini artırmağa məcbur qalıblar. “Firma qiyməti artıranda biz də buna məcbur qalırıq. Özümüzün Almaniyadan gətirdiyimiz mallara endirim var, düzdür, cüzidir. Amma Türkiyədən, Rusiyadan gələn mallar var ki, ona endirim etmək olmur. Bu da şirniyyatdır, qastronom mallarıdır... ”

İlkin Həsənli alıcılıq qabiliyyətinin aşağı düşməsinin onlara da zərbə vurduğunu söyləyir. Amma bunun üçün müxtəlif kampaniyalar axtarıb tapdıqlarını, məsələn, 50 manatlıq alış-veriş edənə 5 manatlıq pulsuz mal təklif etdiklərini bildirir.

“Bizim market”, “Favorit” marketlər şəbəkəsindənsə bu haqda danışmaq istəmədilər.

Bu günlərdə mebel salonlarından reportaj edəndə də satıcılar alverin öldüyünü söyləmişdilər. Satış menecerləri qiyməti qaldırmasalar da, alıcıların 40-50 faiz azaldığını bildirmiş, bunu həm də bankların istehlak kreditlərini dayandırmasıyla izah etmişdilər.

İQTİSADÇININ GƏTİRDİYİ SƏBƏBLƏR

Natiq Cəfərli
Natiq Cəfərli

Bu il fevralda manatın devalvasiyasından sonra qiymətlərin artacağı gözlənirdi. Ancaq qiymətlər cüzi qalxdı və belə görünür ki, əvəzində alver dayandı. İqtisadçı Natiq Cəfərli baş verənləri belə izah edir:

“Kredit siyasəti çox sərtləşdirilib. Həm istehlak kreditlərinin verilməsində, həm gündəlik məişət avadanlıqlarıyla bağlı kreditlərin verilməsində ciddi məhdudiyyətlər tətbiq olunub.

Kreditləşmə məsələsi və iş yerlərinin azalması davam edərsə, payızda bir çox pərakəndə satış nöqtələri bağlana bilər, bu da işsizliyin artmasına səbəb ola bilər.

Bu da həm alıcılıq qabiliyyətinə təsir edib, həm də satışın kəskin azalmasına.

Bundan başqa, iş yerlərinin azalması, bir neçə böyük təşkilatda, kiçik və orta biznesdə ixtisarlar aparılması, satış məntəqələrinin bağlanması da (bunu Bakıda vizual olaraq görmək mümkündür.

Bir il öncə Bakının mərkəzində dükan və ofis kirayələmək çətiniydi, indisə hər küçədə bir neçə obyektin boşaldılmasını görürük) təsirini göstərib. Bütün bunlar alıcılıq qabiliyyətinin düşməsinə səbəb olur. Bu da qiymət artımını tormozlayan əsas faktordur. Dükan da, satış nöqtələri də başa düşür ki, qiymət qalxsa, müflis ola bilərlər”.

Natiq Cəfərli bir narahatlığını da bölüşür. O, deyir ki, kreditləşmə məsələsi və iş yerlərinin azalması davam edərsə, payızda bir çox pərakəndə satış nöqtələri bağlana bilər, bu da işsizliyin artmasına səbəb ola bilər.

Bu il fevralın 21-də Mərkəzi Bankın qərarıyla manat təxminən 35 faiz qiymətdən düşüb. Bundan sonra hökumət süni qiymət artımına nəzarəti gücləndirdiyini bildirib.

Zəruri qeyd:
Bu reportajın yayılmasından sonra “Neptun” Supermarketlər Şəbəkəsinin department rəhbəri Ramiz Səmədov radiomuzun əməkdaşıyla söbətdə İlkin Həsənlinin bu işə yeni gəldiyini və bu üzdən yanlışa yol verdiyini söyləyib. Onun göndərdiyi yazılı açıqlamada deyilir ki, “Neptun” supermarketlər şəbəkəsində heç bir qiymət artımı yoxdur və bu yolverilməzdir:

“Çeşidlilik və müştəri tələbatı öncəki illərlə eynidir, fəsil olaraq dəyişiklik ola bilər, lakin devalivasiya və ya digər səbəblərdən dəyişiklik, alıcılıq dəyişməz qalır. Xidmət sektoru olaraq müştərinin hər bir istədiyi məhsulu yerli tədarükçülər tərəfindən təmin edirik və çox sevinirəm ki, birbaşa xarici ölkələrdəngətirilməsinə ehtiyac qalmır. Bu da yerli tədarükçülərin professionallığından irəli gəlir. Biz xidmət sektoruyuq ve müştəriyə daha üstün xidmət düşünürük”.

XS
SM
MD
LG