Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:13

Aşağı Quşçuda məktəbə getməyəcəklər?


İllüstrasiya fotosu
İllüstrasiya fotosu

-

Kənd sakini Hüseyn Qaracayevin sözlərinə görə, məktəbdəki şəraitin dözülməzliyi ucbatından bu il 1-ci sinfə gedəcək övladını Bakıdakı məktəblərdən birinə yazdırmalı olub

“Söz verdilər ki, məktəb təmir ediləcək, yeni dərs ilinə hazır olacaq. Amma divarına bir əl boya da çəkmədilər. Şəxsən mən uşaqlarımı xəstəlik mənbəyi olan o məktəbə buraxmayacağam. Keçən il bütün qışı kiçik oğlumun ciyərlərini müalicə etdirmişəm”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Tovuz rayonunun Aşağı Quşçu kəndinin sakini Telli İsmayılova deyir. O, kənd məktəbinin bərbad durumundan narahatdır.

HƏR DƏRS İLİ BAŞLAYANDA…

“Bu kənd rayonda ən iri kəndlərdən biridir. Azı, 9 min sakini var. Məktəbdə 700-dən çox şagird təhsil alır, 120 müəllim çalışır. Məktəbin divarlarında qışda göbələk bitir. Hər məktəb mövsümü başlayanda 700 şagirdin həyatı təhlükəyə atılır. Amma yenə təmir olunmayıb. Deməli, uşaqlarımızın dərsə davamiyyəti yenə aşağı olacaq”.

Kənd sakini Hüseyn Qaracayevin sözlərinə görə, məktəbdəki şəraitin dözülməzliyi ucbatından bu il 1-ci sinifə gedəcək övladını Bakıdakı məktəblərdən birinə yazdırmalı olub:

“6 yaşlı oğlum pnevmaniya keçirib. Onu kənddəki məktəbə qoya bilməzdim. Mən övladıma qənim kəsilməmişəm. Qohumlarla razılaşdırıb, onu paytaxtdakı məktəblərdən birinə yazdırdım. Dərs ilini başa vuranadək qohum evində qalacaq. Hər il söz verirlər ki, məktəb təmir olunacaq, müasirləşdiriləcək, avadanlıqlar alınacaq. Ancaq elə vəd olaraq da qalır. Gözləntilərimiz vardı ki, bu il təmir olunar, o da olunmadı”.

QAPI-PƏNCƏRƏ YOX, DÖŞƏMƏLƏR SINIQ-SINIQ…

Bir məktəbin ki qapı-pəncərəsi yoxdur, döşəmələr yırtıq və sınıq-salxaqdır, uşaqlar addımlarını qorxa-qorxa atırlar, o məktəbə niyə uşaq yollamalıyıq? Məktəbin pəncərə şüşələrinin əvəzinə sellofan çəkilib.

Kənd sakinləri deyirlər ki, məktəbdə yanacaq yoxdur, qışda övladları sinif otaqlarında paltolarına bürünüb oturur, xəstələnirlər. Aylarla təhsildən geri qalırlar. Dərs ili boyunca siniflərdə, vur-tut, 5-6 şagird gözə dəyir.

Hüseyn Qaracayev:

“Bir məktəbin ki qapı-pəncərəsi yoxdur, döşəmələr yırtıq və sınıq-salxaqdır, uşaqlar addımlarını qorxa-qorxa atırlar, o məktəbə niyə uşaq yollamalıyıq? Məktəbin pəncərə şüşələrinin əvəzinə sellofan çəkilib. Bir sözlə, dağılıb gedir, baxan yoxdur…”.

Tovuz rayon təhsil şöbəsindən bildiriblər ki, Aşağı Quşçu kəndindəki İsmayıl Mürşüdov adına orta məktəb 1976-cı ildə istifadəyə verilib. Müstəqillik dövründə əsaslı təmir olunmasa da, necə deyərlər, ara-sıra yüngülvari əl gəzdirilib. Dövlət planına uyğun olaraq, yaxın vaxtlarda əsaslı təmir aparılacaq.

Kənd sakinləri isə o “yaxın vaxtların” tez yetişməsini istəyirlər. Onlar havalar soyuyanda övladlarını təmirli, isti sinif otaqlarında və müasir texnologiya əsasında təhsil almasını arzulayırlar.

XS
SM
MD
LG