Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:01

10-yaşlı Nərminin ölüm işi: 'Hesab edirik ki, bu işin arxasında ciddi məmur dayanır'


Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...

Tovuzun Dondar Quşçu kəndində iki il öncə 10-yaşlı Nərmin Quliyeva itkin düşəndə onun ana nənəsinin ən çox ittiham etdiyi şəxslərdən biri uşağın öz əmisi idi. Çünki azyaşlı sonuncu dəfə atasına gətirəcəyi gödəkcəni götürmək üçün əmisigildə olmuş, ondan sonra yoxa çıxmışdı.

Nərminin sözügedən əmisi Lətif Quliyev dekabrın 15-də qardaşı qızının oğurlanması və 47 gün sonra yandırılmış halda meyitinin tapılmasıyla bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilib.

"Əgər yatmışdınızsa, bunları haradan bilirsiniz?"

48-yaşlı Quliyev deyir ki, qardaşı qızı onlara günorta saat 14:00 radələrində gəlib. O isə həmin vaxt yatmış olub: "Günorta yeməyini yeyib sonra yatmışam, bir də axşam saat 6-ya işləmiş oyanmışam".

Quliyevin istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında çoxsaylı ziddiyyətlər olub. Bu səbəbdən onun istintaqdakı ifadəsi elan edilib. Məlum olub ki, o, əvvəllər oğurluğa görə məhkum edilib. Eyni zamanda, Nərminin həmin gün onlara hansı geyimdə gəlməsi, kiçik oğlu Ayxanın hamamı açıb gödəkcəni ona verməsi və s. detallar haqqında ətraflı danışıb.

"Bir tərəfdən deyirsiniz ki, həmin vaxt yatmışdım, o biri tərəfdən də hər şeyi detallı danışırsınız. Əgər yatmışdınızsa, bunları haradan bilirsiniz?", – vəkillər Quliyevi sorğulayıb. O isə cavabında deyib ki, bunları özü görməyib, sadəcə, evdə olan ailə üzvlərinin danışdıqlarından eşidib.

Ziddiyyətli ifadələr

Quliyevdən qardaşı Şərifin (Nərminin atası-red.) kimlərəsə borclu olub-olmadığı da soruşulub. O bildirib ki, qardaşının kənddəki ərzaq mağazasına borcu olurdu. Amma əlinə pul gələn kimi borcunu ödəyirdi.

Şahid Quliyev hadisə günü böyük oğlu Ruslanın harada olmasıyla bağlı ziddiyyətli ifadələr verib. Bu da məhkəmə prosesinə sədrlik edən hakim Dadaş İmanovun diqqətindən yayınmayıb. Vəkillər də vəsatət verib ki, Ruslan Quliyev məhkəməyə çağırılsın, onun həmin gün harada olduğu aydınlaşdırılsın. Hakim bildirib ki, ittiham tərəfinin təqdim etdiyi şahidlər dindiriləndən sonra bu məsələyə baxılacaq.

Məhkəmə prosesi dekabrın 22-də azyaşlının digər qohumlarının dindirilməsi ilə davam edəcək.

Ekspert rəyi

Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə suçlanan İlkin Süleymanovun yaxınları iddia edir ki, azyaşlının qohumları yalan danışır, həqiqətləri gizlətməyə çalışırlar.

"Lətif Quliyev Nərmin gəldiyi vaxt yatmış olduğunu deməklə özünü bir çox məsələlərdən xəbərsiz göstərmək istəyir. Oğlu Ruslanla bağlı ziddiyyətli ifadələr də şübhələri artırır", – təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov bildirib. Onun sözlərinə görə, ölümün səbəbi ilə bağlı iş materiallarında olan ekspert rəyi də qardaşının günahsızlığını, işgəncə altında imza atdırılmış ifadənin əsassızlığını sübut edir: "Ekspert rəyində yazılıb ki, təxminən üç gün əvvəl baş nahiyəsindən kəsici-deşici alətlə öldürülüb. İlkini isə başqa cür öldürməsi haqda ifadəyə imza atmağa məcbur ediblər. Onda nəzərə almayıblar ki, belə bir ekspert rəyi var. Yaxud da iddia olunur ki, guya meyiti tapıldığı yerə araba ilə gətirib atıblar. Kənddə bir neçə arabanı da yığdılar. Amma heç birini ekspertizadan keçirmədilər ki, bu arabalardan hansında iz var. Sadəcə, görüntü xətrinə topladılar".

"Məhkəməyə də təsir göstərə bilər"

Süleymanov iddia edir ki, bu cinayət işi hansısa məmurun müdaxiləsinə görə obyektiv araşdırılmayıb: "Bu iş üzrə ya bilərəkdən, ya bilməyərəkdən ciddi istintaq aparılmayıb. Düşünürük ki, bu işin arxasında çox ciddi məmur dayanır. O, istintaqa təsir etmək gücünə malikdir və bundan da istifadə edib. Ehtiyatlanırıq ki, həmin məmur bu gün işə baxan məhkəməyə də təsir göstərə bilər".

Süleymanovlar ailəsi hazırda işə baxan hakimlərin apardığı araşdırmadan razıdır. Deyirlər ki, məhkəmədə bu cinayətin obyektiv, hərtərəfli araşdırılması üçün şərait yaradılıb. Amma onlar son nəticədə məhkəmənin qərarına təsir göstərilə biləcəyindən narahatdırlar. Ona görə də hər məhkəmə iclasının videoçəkilişlə aparılmasını istəyirlər: "Videogörüntülər obyektiv sübutdur. Məhkəmədə nələrin üzə çıxdığı orada öz əksini tapacaq. Əgər İlkin günahkardırsa, bu da məlum olacaq".

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İfadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG