Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:49

Nərminin ailəsi uşaq itəndən sonra varlanma iddiasına nə deyir


Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı (Video arxiv)

Tovuz rayonunun Dondar Quşçu kəndində iki il öncə itkin düşüb, 47 gün sonra yandırılmış meyiti tapılan 10-yaşlı Nərmin Quliyevanı son görən qohumları əmisi oğlanları olub. Onlardan biri - Qorxmaz Quliyev noyabrın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dindirilib.

"Torba verməyimizi gözləmədən çıxıb getdi"

24-yaşlı Quliyev özü Gəncədə yaşayır. Deyir ki, başqa bir əmisi qızının toyuna görə kəndə gəlmişdi və Lətif əmisigildə qalırdı. Hadisə günü də Nərmin günorta saat 14:00 radələrində qapı qonşu olan Arif əmisigilə gəlib, atasının göndərdiyi gödəkcəni təhvil verib. Oradan Lətif əmisigilə keçib başqa bir gödəkcəni istəyib. Atası onu geyinib, həmin gün qardaşı qızının toy axşamına getməliymiş: "Nərmin gələndə evdə olan nənəm də, əmim Lətif də yatmışdı. Qapının ağzında dayandı. Əmim oğlu Ayxanla sinif yoldaşı idi. Ayxandan soruşdu ki, niyə dərsə gəlməmişdin? Ayxan həmin gün yatıb qalmışdı. Ayxan hamamdan gödəkcəni götürüb ona verdi. Nərmin gödəkcəni qoymaq üçün torba verməyimizi gözləmədən çıxıb getdi".

Quliyevin sözlərinə görə, təxminən 1 saat sonra Nərminin böyük bacısı Şəbnəm gəlib, bacısının evə qayıtmadığını deyib. Əmisigildə olmadığına əmin olandan sonra çıxıb gedib.

Qohumlar dindiriləcək

Baxmayaraq ki, uşaqdan xəbər çıxmamışdı, axşam saat 18:00 radələrində Nərminin atası Şərif Quliyev qardaşıgilə gəlib. Bütün qohumlar toplaşıb qonşu kəndə "ciyəraxşamı"na gediblər. Vəkillər maraqlanıb ki, axşam ora gedəndə uşağın atasının əynində gödəkcə var idimi? Axı Nərminin əmisigildən gətirəcəyi gödəkcəni geyinib getməliydi.

Şahid Qorxmaz Quliyev deyib ki, həmin gün Şərif əmisinin nə geyindiyinə fikir verməyib.

Vəkillər bildirib ki, bu şahidin məhkəmədə dedikləri ilə istintaqa ifadəsi arasında kəskin ziddiyyətlər var. Ona görə də həmin ifadə elan olunmalı, Quliyev fərqli ifadə verməsinin səbəblərinə aydınlıq gətirməlidir.

Noyabrın 30-da keçiriləcək növbəti məhkəmə iclasında həm Qorxmaz Quliyev, həm də başqa qohumlar dindiriləcək.

"Adımız kimi əminik"

Dondar Quşçu kəndinin sakinləri noyabrın 24-də yenə Gəncə Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşıblar. Onlar azyaşlının ölümündə suçlanan kənd sakini İlkin Süleymanova azadlıq tələb ediblər.

"İlkinin günahsız olduğuna adımız kimi əminik. Yoxsa min 500 nəfər kənd sakini öz imzasıyla, şəxsiyyət vəsiqəsinin nömrəsiylə prezidentə məktub yazıb bu məsuliyyətin altına girməzdi", – kənd sakini Validə Əliyeva AzadlıqRadiosuna belə deyib.

Cinayət işinin materiallarında iddia olunur ki, Süleymanov 2019-cu il noyabrın 21-dən yanvarın 6-na qədər Nərmini həyətlərindəki ikinci evdə saxlayıb. Kənd sakini Əliyeva isə deyir ki, İlkin dekabrın 17-də Tovuzda "Fidan" restoranında səhərdən axşama qədər onun əmisi oğlunun toyunda pul siyahısı yazıb: "Bir gün əvvəl də toy axşamı idi, orada da olub. Yandırılmış meyit tapılan gün səhər İlkin Gəncədə yas mərasimində olub".

Təqsirləndirilən Süleymanovun yaxınlarının tələblərindən biri də məhkəmə prosesinin videoçəkilişlə aparılmasıdır. Qardaşı Adil Süleymanov deyir ki, onlar cəmiyyətin həqiqəti bilməsini istəyirlər, bu səbəbdən videoçəkiliş aparılmasında israrlıdırlar: "Cəmiyyət bilsin ki, İlkin cinayətkardır, yoxsa yox. Hər kəs dünyaya bir dəfə gəlir, günahsız adamın illərini əlindən almaq bu qədər asan olmamalıdır".

"Mən nə bilim onu yolda bunlar tutub aparacaqlar..."

Azyaşlının atası, zərərçəkmiş qismində tanınan Şərif Quliyev məhkəmədə həm özünün, həm də digər qohumların ifadələrində üzə çıxan ziddiyyətlərlə bağlı AzadlıqRadiosunun sualına cavab verib: "Onlar deyir ki, bizi öyrədirlər, yalandır, belə şey yoxdur".

Uşaqdan xəbər çıxmadığı halda, həmin gün onu axtarmaq əvəzinə "ciyəraxşamı"na getməsiylə bağlı suala isə cavabı belə olub: "Mən nə bilim onu yolda bunlar tutub aparacaqlar...".

Dondar Quşçu sakinləri iddia edir ki, Şərif Quliyevin ailəsinin maddi durumu çox ağır olub. Hətta onlara kənd camaatı ərzaq yardımı edirdi. İddialara görə, son iki ildə ailənin maddi vəziyyəti xeyli yaxşılaşıb, evi tamamilə yenidən təmir ediblər, yeni əşyalar alınıb, Nərminin anası əvvəllər kafedə günəmuzd işləsə də (özü də ifadəsində bunu deyib), xeyli vaxtdır işləmir və s.

"Yaxşı eləyib almışam, evimə heç nə almalı deyiləm? Bircə o nəslə (İlkin Süleymanovgili nəzərdə tutur – red.) olar nəsə almaq? Mən necə almışamsa, onlara da elə qismət olsun...", – Quliyev cavab verib.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG