Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:55

Almaniyanın Xarici İşlər naziri: «Qarabağ problemi regionun Avropa Birliyinə inteqrasiyasını çətinləşdirir»


Almaniyanın Xarici İşlər naziri Frank-Uolter Ştaynmayer, 24 yanvar 2006
Almaniyanın Xarici İşlər naziri Frank-Uolter Ştaynmayer, 24 yanvar 2006

Almaniyada işgüzar səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iyulun 5-də Berlində almaniyalı həmkarı Frank-Uolter Ştaynmayerlə görüşüb.


Görüşdə ikitərəfli münasibətlər, iqtisadi əlaqələr, Azərbaycanın Avropa Birliyi və NATO-ya inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub. Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.


Danışıqlardan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Nazirlər iki ölkə arasında yaranmış münasibətlərin çox yaxşı olduğunu vurğulayıblar. Elmar Məmmədyarov son bir neçə ildə Almaniya və Azərbaycan arasında ticarət dövriyyəsinin iki dəfə artdığını qeyd edib. O, deyib ki, Almaniya hazırda Azərbaycanın Qərbi Avropadakı ən böyük iqtisadi tərəfdaşıdır.


Danışıqlarda enerji məsələləri də müzakirə olunub. Nazir Frank-Uolter Şteynmeyer bildirib ki, enerji ixrac edən və tranzit ölkə kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün xeyli iş görür. Onun sözlərinə görə, Azərbaycan Avropanın etibarlı və vacib tərəfdaşıdır.


Almaniyalı nazir ümid etdiyini bildirib ki, tezliklə Azərbaycanla Avropa Birliyi arasında işçi plan barədə razılıq əldə olunacaq. Elmar Məmmədyarov da bu istiqamətdə işin davam etdiyini deyib.


Dağlıq Qarabağ münaqişəsinə toxunan Almaniyanın Xarici İşlər naziri deyib ki, problemin həll olunmamış qalması bütün regionun Avropa Birliyinə inteqrasiyasını çətinləşdirir. O, münaqişənin siyasi həllini tapmaq üçün tərəfləri lazım olan kompromisləri əldə etməyə çağırıb.


Görüşün qeyri-rəsmi hissəsində futbol üzrə Dünya Çempionatı haqqında da söhbət olub. Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 4-də Dortmundda Almaniya ilə İtaliya yığmalarının yarımfinal görüşünü izləyib. Dünya Çempionatının final oyununu izləmək üçün cənab Məmmədyarovun həftənin sonuna kimi Almaniyada qalacağı gözlənir.


İyulun 5-də həmçinin Elmar Məmmədyarov Berlindəki «Fridrix Ebart» Fondunda «Azərbaycan Avropa yolunda» mövzusunda təşkil olunmuş seminarda çıxış edəcək. Tədbirin digər məruzəçisi Almaniya parlamentinin - Bundestaqın üzvü Markus Merkeldir.


XS
SM
MD
LG