Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:01

MTN-in istintaq təcridxanası ləğv edilməlidirmi?


Milli Təhlükəsizlik Nazirliyi
Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası ya ləğv edilməli, ya da Ədliyyə Nazirliyinə verilməlidir. Bu, BMT İnsan Hüquqları Komitəsinin Azərbaycan hökumətinə verdiyi son tövsiyələrdəndir. BMT-dəki müzakirələrdə iştirak etmiş hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, oxşar tövsiyələr onların hazırladığı alternativ hesabatda da öz əksini tapıb:

MTN TƏCRİDXANASINA KİM GİRƏ BİLİR?

«Azərbaycandakı cəza çəkmə yerləri 6 nazirliyin tabeçiliyindədir. Söhbət təkcə istintaq təcridxanalarından getmir. Həm də bütün cəza çəkmə yerlərindən gedir. Biz də təklif edirdik ki, bütün bunların hamısı bir nazirliyin tabeçiliyinə verilməlidir…»

Sahib Məmmədov deyir ki, əgər bütün cəzaçəkmə yerləri və təcridxanalar bir nazirliyin tabeçiliyinə verilərsə, cəmiyyətin onlara nəzarət etmək imkanı daha effektli ola bilər. O yada salır ki, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında yalnız bəzi beynəlxalq təşkilatlar, ombudsman və İşgəncələr Əleyhinə Komitə monitorinq apara bilər. Başqa kimsəyə icazə verilmir. Sahib Məmmədov deyir ki, BMT-dəki müzakirələr zamanı Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsi də bildirib ki, hökumət bu məsələyə gələcəkdə baxmağa hazırdır. Ancaq Azərbaycan müharibə şəraitində olduğundan və tez-tez xarici təhdidlərlə üzləşdiyindən bu, hələ ki, mümkün deyil.

BMT-NİN TÖVSİYƏSİ QEYRİ-CİDDİDİRMİ?

Millət vəkili Məlahət Həsənova isə deyir ki, BMT-nin tövsiyələrinə ciddi baxmır:

«Çünki BMT Azərbaycanla bağlı 4 qətnamə qəbul edib və bu qətnamələr indi də kağız üzərində qalıb. Heç Ermənistanı düz-əməlli qaydada işğalçı kimi də tanımırlar…»

Məlahət Həsənova Azərbaycanda işgəncə hallarının olmasını inkar edir. Onun fikrincə, Azərbaycan hökuməti kimin hansı tövsiyə verməsindən asılı olmayaraq islahatlarda maraqlıdır. Ancaq bu, tövsiyələrdən yox, hökumət strukturlarının planlarından asılıdır.

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov isə deyir ki, problemləri ört-basdır etmək yox, həll etmək lazımdır:

«İşgəncəyə qalanda, işgəncə hər yerdə var. Ancaq başqa təcridxanalarla müqayisədə MTN-də saxlanma şəraiti yaxşıdır…»

İŞGƏNCƏ KAMERASI?…

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinə dəfələrlə zəng vursaq da, nə bu tövsiyəyə, nə də səslənən iddialara onların fikirlərini öyrənə bilmədik. Təxminən 10 ay Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan və sonradan qaçan keçmiş Müdafiə Naziri Rəhim Qazıyev deyir ki, ora da beynəlxalq tələblərə tam cavab vermir:

«Mühafizəçilərdən biri mənə bir otaq göstərdi. Həmin otağın bütün divarlarına yumşaq materiallar çəkilmişdi. Orada nə qədər çağırsan səsin eşidilməz. Mənə nəzarətçi dedi ki, bu, işgəncə otağıdır…»

Ancaq Rəhim Qazıyev deyir ki, hələ də orada işgəncə kameralarının qalıb-qalmadığı ona məlum deyil. Keçmiş müdafiə nazirinin fikrincə, bu təcridxananın qapıları hökumətin nəzarətində olan qurumlara yox, vətəndaş cəmiyyətinin əsl müstəqil təşkilatlarına açılarsa, bütün həqiqətlər üzə çıxar.
XS
SM
MD
LG